İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hüquqşünası Nigar Hafizqızı Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təşkil olunmuş normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərdə iştirak edib. Təlimlərdə normayaratma texnikası, normativ hüquqi akt layihəsinin hazırlanmasına dair ümumi tələblər, normativ hüquqi akt layihəsinin hazırlanmasına dair linqvistik tələblər, normativ hüquqi akt layihəsinin strukturu, normativ hüquqi aktın qəbul edilməsi zərurətinin əsaslandırılması sənədinin hazırlanması, hüquqi aktların kolliziyası, normativ hüquqi akt layihəsinin razılaşdırılması və digər mövzularla bağlı praktiki məsələlər tədris olunub.
Qeyd edək ki, bu təlimlər Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 may tarixli 1685 nömrəli Fərmanının 9-cu bəndinə əsasən Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlətə məxsus olan hüquqi şəxslərin hüquq sahəsində fəaliyyət göstərən əməkdaşlarının normayaratma fəaliyyəti və hüquq normalarının tətbiqi sahəsində təlimlərə cəlb edilməsi məqsədilə həyata keçirilib.
Bu dəfəki təlimlərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Hava Yollarının və digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri iştirak edib.
Təlimləri müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.