İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Çinin Lanzhau şəhərində Təbii Enerji Araşdırmalar İnstitutu (Gansuı Natural Energy Research Institute) tərəfindən “Külək enerji texnologiyaları” üzrə keçirilən təlimdə açılış nitqi ilə çıxış edib.
7 ölkədən 28 nümayəndənin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə İnstitutun direktoru Vei Jun Azərbaycan-Çin münasibətlərinin əhəmiyyətini və güclənən iqtisadi əlaqələrdən danışıb və sözü R.Hüseynə ötürüb.
R.Hüseyn nitqində Azərbaycanla Çin arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayaraq, bu tədbirin iki ölkə arasında vizaların ləğv olunduğu dövrə təsadüf etməsini strateji əməkdaşlığın əhəmiyyətini artıran amil kimi xüsusi qeyd edib.
Azərbaycanın yaşıl enerji istehsalının artırılmasına xüsusi diqqət yetirdiyini bildirən Ramil Hüseyn ölkədə bu istiqamətdə kompleks tədbirlərin həyata keçirildiyini, hazırda Azərbaycanda günəş və külək enerjisinin inkişafı üçün qlobal şirkətlərlə, o cümlədən Çin şirkətləri ilə əməkdaşlığın davam etdiyini vurğulayıb. Ölkədə yeni inşa edilən külək və günəş elektrik stansiyalarının avadanlıqlarının bir hissəsinin Çin istehsalı olduğu və idxal edildiyi xüsusi qeyd olunub.
R.Hüseyn sonda qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər enerji qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 30%-ə çatdırmaq kimi strateji hədəfi var və mövcud məlumatlar göstərir ki, ölkə bu hədəfə uğurla nail olacaq.