01 iyul 2021, 15:40

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

 departament rəhbəri Məsumə Talıbovanın şərhi

 

Azərbaycan beynəlxalq səviyyədə ən öncül hesabatlardan hesab olunan  Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” ( GCI) hesabatı üzrə cari il 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib. Ümumilikdə 89.31 xal ilə ölkəmiz MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdə qərarlaşıb. MDB ölkələrindən Gürcütsan və Ukraynanı, Avropa ölkələrindən İsveçrə, İrlandiya, İslandiya, Sloveniya, Çexiya kimi dövlətləri geridə qoyan Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlıqları və qlobal olaraq ən yaxşı nümunələrin tətbiqini həyata keçirməklə  davamlı inkişaf nümayiş etdirməkdədir. Ölkəmizin rəqəmsal həllər sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeks üzrə Avropa Ölkələri arasında 3-cü pillədə yer alması təsadüfi hal deyildir. Reytinqdə ilk yeri ABŞ, 2-ci yeri isə Böyük Britaniya və Səudiyyə Ərəbistanı tutub.

Dövlətlərin kibertəhlükəsizlik səviyyəsini 5 əsas istiqamət - hüquqi baza, texniki hazırlıq, təşkilati məsələlər, kadr potensialı, eyni zamanda, kommunikasiya və əməkdaşlıq istiqamətləri üzrə qiymətləndirən bu hesabat ölkələr arası kibertəhlükəsizlik səviyyəsini qiymətləndirərək hər bir ölkə üçün boşluqların və cağrışların müəyyənləşdirilməsi, inkişaf üçün prioritetlərin qoyulması, həmçinin, zəif və güclü tərəflərin təsbit olunması ilə ölkələr arası bilik mübadiləsinin aparılması üçün çox böyük əhəmiyyət daşıyır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az