20 may 2025, 12:35

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Enterprise Azerbaijan" portalı Azərbaycan Texnologiya Universitetinin tələbələri ilə “Startup School 3” layihəsi çərçivəsində onlayn infosessiya keçirib. Sessiyada texnologiya, innovasiya və sahibkarlıq sahələrinə maraq göstərən və startap ideyalarına malik gənclər iştirak ediblər.

İnfosessiyanın əsas məqsədi tələbələri “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı ilə tanış etmək, proqramın təqdim etdiyi imkanlar haqqında ətraflı məlumat vermək və onları akselerasiya proqramına cəlb etmək olub.

Təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov və layihə meneceri Aydan Hüseynzadə proqramın məqsədləri, mərhələləri və iştirakçılar üçün nəzərdə tutulan dəstək mexanizmləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu proqram yaşıl texnologiyalar və rəqəmsal həllər üzərində çalışan startapları dəstəkləməklə gənclərin beynəlxalq innovasiya mühitinə qoşulmasına şərait yaradır.

Sessiya boyunca tələbələr mentorluq imkanları, təlim mərhələləri və seçim meyarları ilə bağlı suallar ünvanlayıb, proqramdan daha səmərəli yararlanmaq üçün praktik tövsiyələr əldə ediblər.

Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı yerli və xarici innovasiya təşəbbüsləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu təşəbbüs ölkəmizdə texnologiyayönümlü startap ekosisteminin formalaşdırılmasına, gənc mühəndislərin və təşəbbüskarların yaradıcı potensialının üzə çıxarılmasına və onların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsinə xidmət edir.

Akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.

Qeydiyyat üçün link: https://forms.gle/YwzgE1aXizJ6Km2e9


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az