20 may 2025, 10:47

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “Global Brands Magazine” jurnalının “Global Brand Awards 2025” beynəlxalq müsabiqəsində “Texnologiya” nominasiyası üzrə ali mükafata layiq görülüb. Bu nominasiya üzrə Mərkəzə “Dataəsaslı idarəetmədə mükəmməllik” mükafatı verilib.

Mükafatın təqdim olunmasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə sahəsində Nazirlər Kabinetinin tapşırığı əsasında rəqəmsal platforma yaratması, eyni zamanda bu çərçivədə layihə idarəetməsi, data analitikası, coğrafi intellekt, videomüşahidə və süni intellekt imkanlarından istifadə etməsi əsas götürülüb.

Qeyd edək ki, “Global Brand Awards 2025” mükafatı “Texnologiya” nominasiyası üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, həm də Microsoft”, “Google”, “Amazon”, “Huawei”, “Apple Inc.”, “LG Electronics”, “Tesla”, “NVIDIA”, “Aramco” və “Acer” kimi qlobal şirkətlərə verilib. Nominantlar arasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dünyada yeganə hökumət qurumu və beyin mərkəzidir.

Azərbaycanın hökumət texnologiyasının (govtech) qlobal səviyyədə əldə etdiyi ali mükafat Prezident İlham Əliyevin iqtisadi islahatlar, o cümlədən, proqram idarəetməsi və nəticəəsaslı büdcə sahəsində apardığı uğurlu siyasətə verilən daha bir yüksək beynəlxalq qiymətdir. Dövlət başçısının yaratdığı iqtisadi islahatların idarə edilməsi modeli dünya üçün yaxşı bir nümunədir.

Mənbə: https://www.globalbrandsmagazine.com/award-winners-2025/

 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az