İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Türkiyənin “Rok Expo” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “II Türk dövlətləri ticarət və investisiya əməkdaşlıq forumu və sərgisi” keçiriləcək.
10-12 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan tədbir Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından yüksək səviyyəli dövlət rəsmiləri, nüfuzlu şirkətlərin rəhbərləri, investorlar, startaplar və akademik dairələrin nümayəndələrinin iştirakı ilə baş tutacaq.
Sərgi çərçivəsində 20-dən çox sahə üzrə məhsullar və qabaqcıl texnologiyalar nümayiş etdiriləcək. Tədbir iştirakçıları ölkələrin investisiya imkanları, beynəlxalq ticarətdə mövcud çağırışlar və regional əməkdaşlıq perspektivləri barədə müzakirələr aparacaqlar. İştirakçılar üçün yeni biznes əlaqələri qurmaq, tərəfdaşlıq imkanlarını dəyərləndirmək və Türk dünyasının vahid iqtisadi məkan kimi formalaşmasına töhfə vermək üçün unikal fürsət yaradan tədbirdə Türk dövlətlərinin iqtisadiyyatı, rəqəmsal ticarət, kənd təsərrüfatı, turizm və mədəniyyət, startaplar və investisiya, o cümlədən akademik sahələri əhatə edən panel müzakirələri təşkil olunacaq.
Beynəlxalq tədbir Türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət həcminin artırılması və birgə investisiya layihələrinin reallaşdırılması baxımından mühüm platforma rolunu oynayacaq.
Tədbirdə iştirak üçün qeydiyyat linki: https://forms.gle/HbVqmJpCCyCb9Wpd9