İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının 2024-cü il üzrə ilkin monitorinq nəticələri ilə bağlı görüş keçirilib.
İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, Dövlət Proqramı çərçivəsində görülən işlər qida təhlükəsizliyinin təmin olunmasında, əhalinin sağlam qida məhsulları ilə təminatının artırılmasında, bu sahədə hüquqi və institusional islahatların həyata keçirilməsində əhəmiyyətli rol oynayır. O, proqramın prioritet istiqamətləri üzrə həyata keçirilən fəaliyyətlərin, o cümlədən qida təhlükəsizliyi nəzarət sistemlərinin təkmilləşdirilməsi, əhalinin maarifləndirilməsi, risk əsaslı idarəetmə, HACCP və s. kimi qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemlərinin tətbiqinin vacibliyini vurğulayıb.
Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov Dövlət Proqramının effektiv icrası ilə bağlı müvafiq addımların atıldığını, o cümlədən HACCP layihəsi üzrə maarifləndirmə işlərinin davam etdiyini, heyvan sağlamlığı sahəsində yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, ölkənin qida təhlükəsizliyi sahəsində beynəlxalq standartlara uyğun daha sağlam, güvənli və davamlı bir sistemin formalaşması işləri uğurla davam etdirilir.
İİTKM-in Monitorinq və Qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə Dövlət Proqramı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib, müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən mühüm layihələri, həmçinin monitorinqin effektivliyini artırmaq məqsədilə müzakirəsi vacib məsələləri diqqətə çatdırıb.
Təqdimatdan sonra iclasda iştirak edən aidiyyəti qurum nümayəndələri tərəfindən icrası davam edən və gələcəkdə görüləcək tədbirlər barədə məlumat verilib, proqramda nəzərdə tutulan məsələlər üzrə irəliləyişlər müzakirə olunub. Eyni zamanda, görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan qida təhlükəsizliyi sahəsində kitab layihəsinin icrası məqsədilə əməliyyat planının təkmilləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 29 aprel tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin Təmin Edilməsi üzrə 2019–2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi İİTKM tərəfindən həyata keçirilir.