07 may 2025, 17:11

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının 2024-cü il üzrə monitorinq hesabatı müzakirə edilib.

İclası giriş sözü ilə açan İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Dövlət Proqramının uğurla icra olunduğunu vurğulayaraq 2024-cü il üzrə icrası hədəflənən işlərə dair monitorinq nəticələri barədə ümumi məlumat verib. O bildirib ki, Azərbaycanda əhalinin sosial xidmətlərlə daha keyfiyyətli və əhatəli şəkildə təmin edilməsi ölkədə həyata keçirilən sosial siyasətin əsas tərkib hissələrindən birini təşkil edir. Bu məqsədlə indiyədək çoxsaylı qanunvericilik aktları və qərarlar qəbul edilib, nəticədə həssas əhali qruplarına daxil olan şəxslərin sosial xidmətlərə çıxışı və bu xidmətlərdən faydalanma səviyyəsi baxımından əhəmiyyətli irəliləyişlər əldə olunub.

“Sosial xidmət haqqında” Qanuna edilən son dəyişikliklərin nəticəyönümlü yanaşmanın tətbiqini daha da təşviq edəcəyi qeyd olunub. Eyni zamanda, Dövlət Proqramında nəzərdə tutulan hədəflər üzrə xidmətlərin rəqəmsallaşdırılmasının proqramın icrasında şəffaflığın və hesabatlılığın artırılmasında mühüm rol oynayacağı vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Dövlət Proqramının icrası istiqamətində belə müzakirənin təşkil edilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

O, Dövlət Proqramı çərçivəsində həssas qruplara göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin, bu xidmətlərə əlçatanlığın artırılması istiqamətində müvafiq tədbirlərin nəzərdə tutulduğunu bildirib.

Nazir müavini həmçinin son illər sosial xidmətlər sahəsində aparılan islahatları və əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Sosial xidmət müəssisələrinin müasir tələblərə uyğun qurulması, yeni belə müəssisələrinin yaradılması, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində atılan addımları qeyd edib.

Daha sonra İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Dövlət Proqramı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib, müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələri, həmçinin müzakirəsi vacib məsələləri diqqətə çatdırıb.

Təqdimatdan sonra müzakirəyə çıxarılan məsələlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərləri tərəfindən icrası davam edən və görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Dövlət Proqramı üzrə 2026-cı ilin sonunadək hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin, sosial xidmət sahəsində ixtisaslı kadr potensialının formalaşması, sosial xidmətin əhatəsinin genişlənməsi və s. ilə bağlı hədəflərin nəzərdə tutulduğu qeyd edilib.

İclasda ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Direktoru Kənan Əkpərov və Dövlət Proqramının icrası ilə bağlı ƏƏSMN-in aidiyyəti struktur bölməsinin məsul şəxsləri də iştirak ediblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az