28 aprel 2025, 12:58

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun şərhi.

Azərbaycan-İran münasibətləri çoxşaxəli olmaqla, tarixi, siyasi, mədəni və iqtisadi baxımdan olduqca mürəkkəb proseslərdən keçib. Bu münasibətlərin formalaşması və inkişafında həm regional, həm də qlobal faktorlar mühüm rol oynayıb.

Azərbaycan hər zaman bu məsələyə həssas və diqqətlə yanaşıb. Prezident İlham Əliyevin çıxışlarında da vurğulandığı kimi: "Biz Azərbaycan ilə İran arasında dövlətlərarası əlaqələrin hərtərəfli inkişafına xüsusi önəm veririk. Ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın ortaq tarixi, dini və mədəni dəyərlərinə əsaslanaraq möhkəmlənir". Dövlət başçısının bu sözləri iki ölkə arasında həm coğrafi, həm də mənəvi bağlılığın dərinliyini nümayiş etdirir.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Televiziyasına müsahibəsində söylədiyi “Çox şadam ki, Azərbaycana səfər edəcəyəm. Ona görə ki, Azərbaycanı yad ölkə saymır, orada özümüzü qərib hesab etmirik. Biz keçmişdə ortaq tarixi bölüşmüşük, ancaq bu gün aramızda sərhəd var. İki ölkənin xalqı kimi bir-birimizin qəmimizə, sevincimizə şərik olmuşuq. Biz keçmişdə çox yaxın qardaş olmuşuq. Bundan sonra da belə olacaq”dır fikirləri İran tərəfinin də ölkəmizlə münasibətlərin inkişafında maraqlı olduğunu göstərir.

Azərbaycan-İran münasibətlərinin formalaşma dinamikası düzətli olmasa da, yaxın qonşuluq, eyni coğrafiyanı bölüşmək və xalqlar arasındakı tarixi-dini bağlar iki ölkə arasında davamlı münasibətləri zəruri edib. Məhz, bunun nəticəsidir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir.

2024-cü ildə bu dövriyyə 647 milyon ABŞ dolları təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 33% artım deməkdir. 2024-cü ildə ildə Azərbaycandan İrana 14 milyon dollar dəyərində məhsul ixrac olunmuş, əvəzində İrandan 633 milyon dollar dəyərində müxtəlif mallar gətirilmişdir. Qonşu ölkədən əsasən quş əti, dondurulmuş balıq, süd və süd məhsulları, meyvə-tərəvəz, çay, qənnadı məmulatları, tikinti materialları və sənaye məhsulları idxal olunur. Azərbaycandan isə polad yarımfabrikatlar, təbii qaz, elektrik enerjisi, yeyinti sənayesi tullantıları və digər məhsullar ixrac edilir.

  Hazırda Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçmiş, İranın ölkəmizə yatırdığı investisiyaların həcmi isə 3.4 milyard ABŞ dollarını keçmişdir. İki ölkə arasında investisiyaların təşviqi və qorunması, enerji, nəqliyyat, gömrük, turizm və digər sahələri əhatə edən təxminən 30 sənəd imzalanmışdır.

Əməkdaşlıq çərçivəsində Neftçala Sənaye Məhəlləsində birgə avtomobil istehsalı həyata keçirilir, Pirallahı Sənaye Parkında 20,6 milyon ABŞ dolları investisiya qoyulması və əczaçılıq zavodunun inşası nəzərdə tutulur. “Caspian Pharmed” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaqdır. Zavodun fəaliyyəti nəticəsində 90 nəfər daimi iş yeri ilə təmin olunacaq.

İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən birini də nəqliyyat əlaqələri təşkil edir. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50% artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal-Cənub Nəqliyyat Dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistan və Cənub-Şərqi Asiya ölkələrindən gələn yüklərin İranın Bəndər-Abbas limanından Azərbaycan üzərindən daşınmasını təmin edəcək. Bu marşrut üzrə ildə 15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycan bu tranzitdən çox böyük gəlirlər əldə edə bilər. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir. Bu dəhlizlə Cənub-Şərqi Asiyadan Avropaya yüklərin daşınması 10-15 faiz ucuz başa gələcəkdir. Yüklərin Süveyş kanalı vasitəsilə daşınmasından 800 km daha az məsafə qət ediləcək. Eyni zamanda, daşıma müddəti 20 gün azalacaq və yüklər daha etibarlı yolla mənzilbaşına çatdırılacaqdır. Təqribi hesablamalara görə, hər 15 ton yükün daşınmasında 2500 dolardan çox vəsaitin qənaət edilməsi imkanı var. Bu baxımdan Azərbaycan üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin Qərb marşrutu (Rusiya ərazisində Həştərxan və Mahaçqaladan keçməklə Azərbaycan ərazisi ilə Samurdan Astaraya, daha sonra inşası davam etdirilən Astara-Rəşt-Qəzvin yeni dəmir yolu vasitəsilə İran dəmir yollarına birləşir) strateji əhəmiyyət kəsb edir.

Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə Hindistandan Avropaya qədər yüklərin daşınması təmin olunur. Bu dəhlizin mühüm hissəsi olan “Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan)” dəmir yolu xəttinin tam istismara verilməsi prioritet məsələ kimi dəyərləndirilir.

Avtomobil daşımaları sahəsində də, iki ölkə arasında əməkdaşlıq inkişaf edir. “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Saziş çərçivəsində Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında İran ərazisindən keçən yükdaşımaları həyata keçirilir;

Hazırda da, bu məqsədlə Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçı-vanda İran üzərindən bağlantı yaradılacaq körpülərin layihələndirilməsi artıq başa çatdırılıb. Gündəlik 1100 avtomobil, 30 avtobus və 15 min sərnişinin bu marşrutdan istifadə edəcəyi gözlənilir.

Azərbaycan və İran arasında hava nəqliyyatı da uğurla fəaliyyət göstərir. “Azərbaycan Hava Yolları” və “İran Air” Bakı və Tehran arasında müntəzəm uçuşlar həyata keçirir. Dəniz nəqliyyatı sahəsində isə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri vasitəsilə Azərbaycandan və Türkmənistandan İrana yüklər daşınır.

Ən mühüm əməkdaşlıq layihələrindən biri Azərbaycan-İran sərhədində yerləşən "Xudafərin" və "Qız Qalası" hidroelektrik kompleksləridir. 2024-cü ildə istifadəyə verilmiş bu obyektlər enerji təminatı və kənd təsərrüfatı sahəsində suvarma sistemlərinin inkişafına mühüm töhfə verir. Prezident İlham Əliyev açılış mərasimində İran-Azərbaycan münasibətlərinin sarsılmaz olduğunu bir daha bəyan edərək bildirmişdir ki: “İran-Azərbaycan birliyi və dostluğu sarsılmazdır. Heç kim bizim aramıza nifaq sala bilməz.”

Enerji sahəsində əməkdaşlıq da davam etdirilir. “Xudafərin”, “Qız Qalası”, “Ordubad” və “Marazad” su elektrik stansiyalarının inşası, 330 kV-luq İmişli–Parsabad elektrik xəttinin tikintisi, eləcə də 2016-cı ildə imzalanmış elektrik enerjisinin satışı ilə bağlı Çərçivə Sazişi bu istiqamətdə atılmış mühüm addımlardır.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq müxtəlif istiqamətləri əhatə edir: toxumçuluq, quşçuluq və heyvandarlıq sahəsində təcrübə mübadiləsi, bitki xəstəliklərinə qarşı mübarizə, şoran torpaqların səmərəli istifadəsi və kənd təsərrüfatı texnikasının mübadiləsi bu sahədəki fəaliyyətlərin əsasını təşkil edir.

Beləliklə, daimi sülhpərvər və beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycan Respublikası İran İslam Respublikası ilə heç bir məhdudiyyət olmadan, qarşılıqlı fayda və mehriban qonşuluq prinsipləri əsasında siyasi, iqtisadi və mədəni əlaqələrin dərinləş-dirilməsində maraqlıdır. İran Prezidentinin AzTv-yə müsahibə zamanı söylədiyi “..iki qonşu və qardaş biri-biri ilə nə etməlidir......Birinci prioritetimiz qonşu ölkələrlə yaxın münasibətlərə malik olmaqdır” fikri İran tərəfinin də Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini ifadə edir. Bu münasibətlərin əsasını qarşılıqlı etimad və anlaşılmazlıqların dialoq yolu ilə aradan qaldırılması prinsipi təşkil edir.

Orta Dəhliz və nəqliyyat layihələri vasitəsilə İpək Yolu üzərində əməkdaşlıq, enerji mübadiləsi və texnoloji əməkdaşlıq, xüsusilə yaşıl enerji sahəsində, humanitar və mədəni dialoqların inkişafı kimi məsələlər Azərbaycan-İran ikitərəfli münasibətlərinin potensial istiqamətləri kimi dəyərləndirilə bilər. Ümumilikdə isə, Azərbaycan-İran münasibətləri mürəkkəb, lakin qarşılıqlı maraqlara əsaslanan bir balans tələb edir. Hər iki ölkə üçün dialoq, qarşılıqlı hörmət və real əməkdaşlıq formatı uzunmüddətli sabitliyin açarı ola bilər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az