24 aprel 2025, 09:45

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn "Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər" mövzusunda tədbirdə çıxış edib. O, ölkəmizin iqtisadi diplomatiya sahəsindəki uğurlarından danışıb, İƏT-ə üzv ölkələrlə ticarət dövriyyəmizi əks etdirən göstəriciləri diqqətə çatdırıb.

R. Hüseyn vurğulayıb ki, ümumi əhalisi yarım milyarddan çox və ümumi daxili məhsulu təxminən 3,8 trilyon ABŞ dolları olan İƏT  üzvlərinin iqtisadi inkişaf potensialı qarşıdakı illərdə daha da artacaq. Bu ölkələr arasında ticarətin genişlənməsi üçün böyük imkanlar var.

Azərbaycanın da İƏT üzvləri ilə ticarət dövriyyəsi dinamik olaraq artır. 2024-cü ildə Azərbaycanın bu ölkələrlə birgə xarici ticarət dövriyyəsi 8 milyard ABŞ dolları təşkil edib və bunun 4,12 milyard ABŞ dolları ölkəmizin ixracının payına düşüb.

İİTKM-in icraçı direktorunun müavini vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi İƏT üzvləri üçün müstəsna əhəmiyyətə malikdir. Çünki ölkəmizin Şərq və Qərb arasında ticarət əlaqələri və nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük potensialı var.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən tədbirdə ölkənin aparıcı beyin mərkəzlərinin nümayəndələri mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az