17 iyun 2016, 11:45

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin müzakirələri çərçivəsində "Maliyyə xidmətləri sektoru" üzrə Alt İşçi qrupunun toplantısı keçirilmişdir. Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, kommersiya bankları, beynəlxalq maliyyə təşkilatları, maliyyə assosiasiyaları və akademik dairələrin nümayəndələri tərəfindən müzakirələr aparılmışdır.
Azərbaycanda maliyyə xidmətləri sektorunda müşahidə edilən güclü və zəif tərəflərlə yanaşı maliyyə sisteminin inkişafı üçün imkanlar və sistemdə mövcud olan risklər müzakirə olunmuşdur. Maliyyə xidmətləri sektorunun inkişafına dair strategiyaya dörd inkişaf istiqaməti prizmasından baxılmışdır. Belə ki, vasitəçilik funksiyalarının effektivliyin artırılması, maliyyə infrastrukturunun təkmilləşdirilməsi, hüquqi bazaların yaradılması və təkmilləşdirilməsi, maliyyə, insan və texnologiya resurslarının səmərəli istifadəsi müzakirədə yer almışdır. Müzakirələr nəticəsində maliyyə tənzimlənməsinin gücləndirilməsi, kredit təşkilatları üçün daxili reytinq sisteminin yaradılması və konsolidasiya proseslərinin sürətləndirilməsi kimi təkliflər müəyyən edilmişdir. İşçi toplantının nəticəsində əldə olunan təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədinin hazırlanması üçün təklif edilmişdir.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az