İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Türkiyənin “Ihope Global” şirkəti arasında görüş keçirilib.
Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov yerli sahibkarlara təqdim olunan imkanlar barədə məlumat verib. Bildirib ki, portal elektron ticarət sahəsinə qlobal səviyyədə yenilik gətirib: “Hələ 2017-ci ildə portal Azərbaycan məhsullarını “Alibaba”, “Agroserver”, “All.biz” kimi 15-dək beynəlxalq elektron ticarət platformasında vahid ad altında nümayiş etdirməyə başlayıb. Bu nümunə Avropa, Asiya və region ölkələrinin beynəlxalq təşkilatları tərəfindən “Elektron ticarətin Azexport modeli” kimi təqdim olunub.”
A. Qədəşov əlavə edib ki, hazırda portal Türk Dövlətləri Təşkilatının rəhbərliyi ilə qurulacaq “Digital Agro Data” platformasının aparıcı tərəfdaşlarından biridir, həmçinin “OTS Made” brendinin qurulmasında “Azexport” təcrübəsinin öyrənilməsi tövsiyə olunub. Hazırda Pakistan tərəfinin təklifi ilə portalın elektron ticarət sahəsində tətbiq etdiyi yeniliklərin bu ölkədə qurulması istiqamətində danışıqlar aparılır.
Görüşdə AZPROMO-nun Ticarət nümayəndələri və ticarət evləri ilə iş şöbəsinin, həmçinin Azərbaycanın Türkiyədə ticarət nümayəndəliyinin əməkdaşları, “Ihope Global” şirkətinin baş icraçı direktoru Umut Veis çıxış ediblər. Ticarət sahəsində süni intelekt əsaslı məlumat toplama, emal etmə və qərarvermə imkanları təqdim edən, “ERP”, “CRM” kimi xidmətləri daha əlçatan və müasir formada quran “Ihope Global” şirkətinin rəhbəri bildirib ki, “Azexport portalı tərəfindən yaradılan imkanlara regionda ciddi maraq var. Görüşdə şirkət tərəfindən təklif olunan xidmətlərin portala inteqrasiyası üzrə müzakirələr aparılıb.