04 fevral 2025, 16:31

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov  “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Prezidentin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılması tapşırılıb. Mərkəz növbəti ildən Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini həmin Modul üzərindən həyata keçirəcək.

Dövlət Proqramında qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar, ərazilər və obyektlər üzrə icra müddətlərini, layihələrlə bağlı məlumatları və mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, birbaşa (onlayn) kamera müşahidəsini təmin edən və “Layihə idarəetməsi” modulunda hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılması da İİTKM tərəfindən təmin ediləcək.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası monitorinqinin nəticəsi barədə məlumatlar ildə bir dəfə, hər il fevralın 28-dək Nazirlər Kabinetinə təqdim olunacaq.

Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə İşçi qrup formalaşdırılacaq.

Sərəncamla daha ətraflı tanış olmaq üçün:

https://nk.gov.az/az/senedler/serencamlar/baki-seherinde-ve-etraf-erazilerde-neqliyyat-infra-8603


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az