30 yanvar 2025, 17:20

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat Könüllüləri” təşkilatının təşəbbüsü ilə Milli Məclisin deputatı Rizvan Nəbiyevlə görüş keçirilib. Görüşdə “Beynəlxalq münasibətlərdə parlament diplomatiyasının rolu” mövzusunda deputat məruzəylə çıxış edib və müzakirələr aparılıb.

Rizvan Nəbiyev dövlətlərarası diplomatik münasibətlərdən, ikitərəfli və çoxtərəfli əməkdaşlıqların qurulmasından, parlament diplomasiyasının rolu və funksiyalarından danışıb.

Rizvan Nəbiyev Prezident İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası nəticəsində torpaqlarımızın işğalına son qoyulduğunu və regionda beynəlxalq hüquqa əsaslanan yeni reallığın yarandığını qeyd edib. Yeni reallıqlar həmçinin parlament diplomatiyası sahəsində çoxşaxəli fəaliyyətlərin daha da aktivləşdirilməsini şərtləndirir.

Millət vəkili Prezidentin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində iqtisadi və təhlükəsizlik baxımından irimiqyaslı layihələrin əhəmiyyətini önə çəkib. O, bu layihələrin həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycan üçün strateji üstünlüklər yaratdığını qeyd edib.

Həmçinin Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə də məlumat verən Rizvan Nəbiyev bu dəhlizin regionda nəqliyyat və iqtisadi əlaqələrin inkişafında müstəsna rol oynayacağını, eyni zamanda Azərbaycanın təhlükəsizliyinə və sabitliyinə də mühüm təsir göstərəcəyini vurğulayıb.

Sonda Rizvan Nəbiyev iştirakçılara həmmüəllifi olduğu Berlində nəşr olunmuş  “Şuşa İrsi” adlı kitabını hədiyyə edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az