16 yanvar 2025, 11:07

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yeni layihəsi - “Azexport Talks”un ilk görüşü keçirilib. Onlayn formatda baş tutan görüşün qonağı mərkəzi ofisi Türkiyədə yerləşən logistika şirkətinin həmtəsisçisi və icraçı direktoru Kemal Kaya olub. Görüşdə e-ticarət, ixrac, logistika mövzuları müzakirə olunub. Bununla yanaşı, “Amazon”, “Ebay” və “Etsy” platformaları üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Amerika və Avropa bazarları üzrə ixtisaslaşan ekspertlər uğurlu məhsul seçimi, hesablarda yaranan “suspend” məsələləri ilə bağlı zəruri bilikləri praktik nümunələr üzərindən təqdim ediblər.

Layihə ilə bağlı məlumat verən  “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, ilk görüş dinamik və məhsuldar keçib. İştirakçılardan biri müxtəlif ödənişli və ödənişsiz kurslara qatılmasına baxmayaraq, hələ də e-ticarət sahəsində satış fəaliyyətinə başlamaq üçün tam hazır olmadığını qeyd edib. Bu məsələ ekspertlər arasında xüsusi diqqət doğurub və həmin iştirakçıya iki aylıq fərdi mentorluq dəstəyi təklif olunub.  Ekspertlər e-ticarətə başlamaqla bağlı yaranan bütün sualların və çətinliklərin həlli üçün praktik yolları təqdim edəcəklərini bildiriblər. Bu təşəbbüs “Azexport Talks” layihəsinin yalnız nəzəri biliklər deyil, həm də praktiki dəstək təqdim etmək məqsədinə yönəldiyini nümayiş etdirir.

Qeyd edək ki, “Azexport Talks” layihəsi rəqəmsal iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən mövzular üzrə müzakirələri yerli və beynəlxalq ekspertlərin iştirakı ilə müntəzəm həyata keçirəcək. Görüşlərdə iştirakda maraqlı olan şəxslər portalın sosial şəbəkə hesablarına üzv olaraq tədbirlərin anonslarını izləyə bilərlər.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az