23 dekabr 2024, 17:38

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında BMT-nin İnkişaf Proqramı (UNDP) ilə əməkdaşlıq çərçivəsində yerli icra hakimiyyəti orqanlarının rəhbər kadrları üçün həyata keçirilən “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərdə çıxış edib.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan təlimdə Ramil Hüseyn “İqlim dəyişikliyinə uyğunlaşma strategiyaları” mövzusunda təqdimatla çıxış edib. O, iştirakçılara məlumat verib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in beşinci prioriteti “təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanır və burada iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə xüsusi diqqət yetirilib.

R.Hüseyn qeyd edib ki, milli prioritetlərə uyğun olaraq qəbul edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da iqlim dəyişikliyi ilə mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunması ilə bağlı tədbirlə yer alıb. Strategiyada "Aşağıkarbonlu inkişaf üzrə Dövlət Proqramı” və “İqlim dəyişmələrinin təsirlərinə daha həssas sektorlar üzrə Milli Adaptasiya Planı”nın hazırlanması məsələsi də əksini tapıb. R.Hüseyn iqlim dəyişikliyinin iqtisadiyyatın müxtəlif sektorlarına təsiləri barədə ümumi məlumt verib və kənd təsərrüfatı sektorunda iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı görülən işlərlər haqqında konkret misallar göstərib.

Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərovun rəhbərlik etdiyi təlim zamanı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkəmizdə görülən işlər, “yaşıl enerji”yə keçidin və enerjidən səmərəli istifadənin iqlim dəyişikliyi ilə mübariziyə verəcəyi töhfələr barədə fikir mübadiləsi aparılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az