23 dekabr 2024, 09:38

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın növbəti illər üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsinə dair müzakirələr keçirilib. Onlayn görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə, Sahəvi Proqramların monitorinqi sektorunun müdiri Elşən Yusifli və müvafiq sektorun aparıcı məsləhətçisi Qurban Rzayev və Tədbirlər Planında qeyd edilmiş  əsas icraçı qurumların məsul şəxsləri iştirak ediblər.

Tədbirlər Planında nəzərdə tutulan indikatorlar üzrə icraçı qurumlar tərəfindən həyata keçirilən koordinasiyalı fəaliyyət işğaldan azad olunmuş ərazilərdə məşğulluq imkanlarının artırılması ilə yanaşı, dayanıqlı məskunlaşmanın təmin edilməsinə xidmət edir. Görüş zamanı Tədbirlər Planı çərçivəsində görülmüş işlərə dair 2024-cü il üzrə hesabatlılığın təmin edilməsi, o cümlədən növbəti mərhələdə qarşıda duran vəzifələrinin icrasına dair indikativ planlaşdırma zamanı  diqqət yetirilməli istiqamətlər vurğulanıb.

Tədbirlərin tam və effektiv icrasının həyata keçirilməsi, qiymətləndirmə imkanlarının artırılması üçün 2025-ci il üçün Tədbirlər Planının hər bir bəndi üzrə nəzərdə tutulmuş indikatorların mahiyyəti üzrə alt indikatorlara bölünməsinin və hədəf göstəricilərinin dəqiqləşdirilməsinin əhəmiyyəti qeyd edilib. 

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 942s nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az