İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının “StartUp School 2 – AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsinin “Məzun Günü” keçirilib.
Azərbaycan İnnovasiya Mərkəzində təşkil olunan tədbirin açılışını İİTKM-in icraçı direktoru, Prof. Dr. Vüsal Qasımlı edib. O, “Enterprise Azerbaijan”ın ölkənin startap ekosistemində oynadığı aparıcı roldan danışıb. V.Qasımlı qeyd edib ki, “Enterprise Azerbaijan” portalı maliyyəyə çıxış, bacarıqların artırılması, hüquqi dəstək, infrastrukturun inkişafı, bazarlara əlçatanlıq, icma quruculuğu və beynəlxalq əməkdaşlıq sahələrində uğurla fəaliyyət göstərir. Vüsal Qasımlı regionun ən böyük startap məktəbinin məzunlarına uğurlar arzulayıb.
“Startap School” layihəsinin əsas tərəfdaşı olan ABŞ-ın Nevada Universitetinin professoru, “Özmən Sahibkarlıq Mərkəzi”nin rəhbəri Mehmet Serkan Tosun isə artıq ikinci ildir təşkil olunan məktəbin gənclərin inkişafı və beynəlxalq təcrübənin öyrənilməsi baxımından əhəmiyyətindən danışıb.
“Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva təqdimatla çıxış edərək layihə barədə geniş məlumat verib. Bildirib ki, “Startup School 2” layihəsinə Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən 121 komanda müraciət edib. Onlar arasında seçilən 41 komanda 60 saatdan artıq onlayn və oflayn dərslərə cəlb olunublar. İki ay davam edən dərslərdən sonra 41 komanda arasından 10 komanda növbəti mərhələdə layihə təqdimatına dair təlimlərə qoşulub. Münsiflər heyətinin qərarı ilə bu komandalar arasında uğur qazananlar final mərhələyə - hakaton yarışına vəsiqə qazanıblar.
“StartUp School 2” layihəsinin digər əsas tərəfdaşı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin elmi işçisi Nicat Mehdiyev bu müddət ərzində həyata keçirilən təlimlər zamanı gənclərin fəallığından, onların həvəs və bacarıqlarından danışıb. O bildirib ki, bu gənclər gələcəyin potensial beynəlxalq layihə idarəçiləridir.
Tədbirdə “Startup School 2” layihəsinin finalçıları - Naxçıvan Dövlət Universitetinin “AGROCHAT”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ClearPath Shepherd”, Çexiyanın “CZU Pragua” Universitetinin “YellowGo” komandalarının üzvləri hakaton yarışında öz startaplarını təqdim ediblər.
Münsiflər heyətinin qərarına əsasən qaliblər elan olunub, mükafatlandırma mərasimi keçirilib. “Enterprise Azerbaijan” portalı “Startup School” layihələrini Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universiteti ilə əməkdaşlığı çərçivəsində həyata keçirir. Bununla yanaşı, “Oxford”, “New Castle” və OSTİM Texnologiya Universitetləri, yerli qurumlardan Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu, Kənd Təsərrüfatı Nazirliyi (KTN), KTN-nin Aqrar İnnovasiya Mərkəzi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi (DMA), Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEM), Sabah.HUB, Təmiz Şəhər ASC tərəfdaş olaraq layihənin inkişafına dəstək olurlar.