İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “MeetUp Networking” klubu ilə Türkiyənin “Preplarge” şirkəti arasında strateji əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Əldə olunan razılıq Türk dövlətləri arasında elektron ticarət və ixrac potensialını artırmaq, qarşılıqlı təcrübə mübadiləsi və innovativ həllərin tətbiqini genişləndirməyi nəzərdə tutur.
“Preplarge”-ın həmtəsisçisi Kemal Kaya bildirib ki, Türk Dünyası daxilində rəqəmsal həllərin tətbiqi ilə elektron ticarətin genişləndirilməsi və ixrac proseslərinin asanlaşdırılması şirkətin qarşısında duran əsas hədəflərdəndir. Elektron ticarətin əhatə dairəsinin sürətlə yayılması bu sahə üzrə mütəxəssislərə də ehtiyacı artırır. Bu məqsədlə şirkət sahibkarlıq subyektlərinin, həmçinin gənclərin bilik və bacarıqlarının artırılması üçün seminarlar, təlimlər və tədbirlərin təşkilində birgə fəaliyyət göstərməklə bağlı təşəbbüs irəli sürüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib.