İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov Bakıda keçirilən “Turan E-Trade and E-Export” forumunda moderator və spiker kimi iştirak edib. Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş forumda “Sərhədlərarası böyümə strategiyası” panelini idarə edən Ayxan Qədəşov “Azexport.az” portalının ixracatçılar üçün yaratdığı imkanlar barədə təqdimatla çıxış edib. Portalda Azərbaycanın və regionun ilk virtual sərgi və konfrans məkanı, platformanın iş prosesi forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Forumda elektron ticarət sektorunun qabaqcıl şirkətləri, mütəxəssisləri, həmçinin 10-dan artıq ölkədən beynəxalq təşkilatların nümayəndələri iştirak ediblər. Xüsusilə Türkiyə və Qazaxıstandan olan şirkətlər “Azexport”un rəqəmsal sərgi zalında təmsil olunmaqla bağlı təşəbbüs irəli sürüblər.
Forumda Mərkəzi Asiya Françayzinq Assosiasiyasının sədri Gülbanu Maigarina ilə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov arasında əməkdaşlıq və gələcəkdə birgə layihələrin reallaşdırması ilə bağlı razılıq əldə olunub.
Forum çərçivəsində "Azexport" portalı, Azərbaycan Françayzinq Assosasiyası (AFA) və “MeetUp Networking” klubu “Made in Turan” markasının Türk Dünyası coğrafiyasında, həmçinin digər regionlarda tanıdılması üçün birgə əməkdaşlığı hədəfləyən anlaşma memorandumu imzalayıb.