İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport.az” portalı və “MeetUp Networking Club” ilə Latviyanın “STC” şirkəti arasında görüş keçirilib. Görüşdə şirkətin direktoru Antanas Makarnvicius və direktorun müavini, sertifikatlaşdırma sxemlərinin rəhbəri İeva Latse iştirak ediblər.
Şirkət rəhbəri bildirib ki, səfər çərçivəsində Azərbaycanda istehsal olunan məhsullarla tanış olublar. Xüsusilə kənd təsərrüfatı məhsullarının keyfiyyəti və dadı nümayəndələrin diqqətini cəlb edib. Antanas Makarnvicius qeyd edib ki, Azərbaycan məhsullarının Avropa və Asiya ölkələrində satış potensialı böyükdür. Bu potensialın reallaşdırılması üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Azərbaycanda istehsal olunan məhsullara beynəlxalq bazarda ciddi tələb var. “STC” şirkəti əsasən “GLOBALG.A.P”, “HACCP”, “Organic” və digər sertifikatlar üzrə ixtisaslaşan təşkilatdır. Bu sertifikatlar aqrar sənaye sektorunda geniş istifadə olunur. İlkin mərhələdə Azərbaycan məhsullarının Avropa, Çin və Tayvan bazarlarına daha rahat çıxa bilməsi üçün birgə fəaliyyətlə bağlı razılıq əldə olunub. Bu məqsədlə yerli sahibkarlarla beynəlxalq sertifikatlaşdırma prosedurları ilə bağlı silsilə görüşlərin, həmçinin birgə layihələrin keçirilməsi nəzərdə tutulub.