İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Əməliyyat Meneceri Elnur Əliyev Çin Xalq Respublikasının Pekin şəhərində təşkil olunan “İpək Yolu İqtisadi Kəmərinin rusdilli ölkələri üçün yüksəkkeyfiyyətli maliyyə inkişafı” mövzusunda keçirilən seminarda iştirak edib. 14 gün davam edən proqramda Azərbaycan, Qazaxıstan və Belarusdan olan maliyyə, energetika və iqtisadiyyat sahələrində fəaliyyət göstərən nazirliklərin, bank sektorunun və neft şirkətlərinin nümayəndələri də daxil olmaqla ümumilikdə 29 iştirakçı yer alıb.
Təlimdəki mühazirələr “yüksəkkeyfiyyətli maliyyə inkişafı” mövzusuna əsaslanıb və bu mövzu çərçivəsində süni intellektin maliyyə inkişafına təsiri, ümumi maliyyə siyasətləri və tətbiqləri, eləcə də Çinin rəqəmsal maliyyələşməsi kimi müasir tendensiyalar müzakirə edilib. Seminar zamanı, həmçinin, Çinin iqtisadi inkişafı, yoxsulluğun azaldılması təcrübəsi, Çin ideologiyası və Si Cinpinin mənəvi baxışları barədə də ətraflı mühazirələr aparılıb.
Seminarın ikinci hissəsi Şanxay şəhərində keçirilib. İştirakçılar “Zhangjiang” Yüksək Elm və Texnologiyalar Parkında Süni intelekt mərkəzi, Robotik Muzey, Dünya Maliyyə Mərkəzi, Şanxay-Honkonq Banklar Tarixi Sərgi Pavilyonu və “Di Shuo Bei Ken” Biotexnologiya Şirkətinə səfər ediblər. Ekskursiyalar zamanı iştirakçılar Şanxayın beynəlxalq maliyyə mərkəzi, elm və texnologiya sahəsindəki innovasiyalar, həmçinin yaşıl ekoloji şəhər quruculuğu üzrə əldə olunan təcrübələr barədə geniş məlumat əldə ediblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.