İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini, iqtisad elmləri doktoru Ramil Hüseyn Azərbaycan Memarlıq və İnşaat Universitetində (AZMİU) "İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri" mövzusunda təlim keçib.
İİTKM və AZMİU arasında əməkdaşlıq memorandumuna əsasən keçirilən təlimdə "Menecment ", "Biznesin idarə edilməsi " və digər ixtisaslar üzrə təhsil alan tələbələr, gənc müəllimlər və doktorantlar iştirak ediblər.
Ramil Hüseyn təlimdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində görülən işlərdən söz açıb, 5 prioritetdən birinin “Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi” olmasından bəhs edib. O, qeyd edib ki, Azərbaycanın qlobal istixana qazı emissiyalarındakı payı 0,1 faiz olsa da, iqlim dəyişikliyi ilə bağlı tədbirlərdə aktiv iştirak edir. Ölkəmiz beynəlxalq "yaşıl enerji" layihələrini dəstəkləməklə, "Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizlərinin reallaşmasında rol almaqla qlobal oyunçulardan birinə çevrilir.
Universitetin tədris işləri üzrə prorektoru prof. Akif Qasımov, kafedra müdiri prof. Məhəbbət Məmmədov və fakültə dekanı dos. Turan Aslanov çıxış edərək mövzunun aktuallığının və gənclərin maarifləndirilməsində rolunun əhəmiyyətini vurğulayıblar.
R.Hüseynin çıxışından sonra müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb. Onlarda "yaşıl" düşüncə və həyat tərzinin formalaşmasına töhfə vermək üçün konkret nümunələr göstərilib. Bu baxımdan elektrik enerjisindən qənaətlə istifadənin vacibliyi təbliğ edilib. COP29-un ölkəmizdə keçirilməsinin bu məsələdə oynayacağı önəmi qeyd olunub.