04 noyabr 2024, 17:42

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində daha beş qurumla indikativ planlaşdırma həyata keçirilib.

Görüşlərdə Kənd Təsərrüfatı Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin,  Qida Təhlükəsizliyi Agentliyinin, “Təmiz Şəhər” ASC-nin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı dövriyyəsinə cəlb ediləcək torpaq sahələrinin müəyyən edilməsi və xəritələşdirilməsi, heyvandarlıq təsərrüfatları və arı ailələrinin təhlükəsiz zonalara köçürülməsi müzakirə edilib. “Azərbaycan Hava Yolları” QSC ilə keçirilən iclasda Laçın Hava Limanının tikintisi üzrə fikir mübadiləsi aparılıb. Qida Təhlükəsizliyi Agentliyi ilə idxal-ixrac məhsullarına nəzarətin təşkili məqsədilə müasir nəzarət məntəqəsinin, həmçinin stasionar, modul və ya mobil tipli olmaqla heyvan kəsimi məntəqələrinin yaradılmasının dəstəklənməsi və digər məsələlər müzakirə olunub. “Təmiz Şəhər” ASC ilə regionda bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması və poliqon ərazilərin müəyyən edilməsi üzrə müzakirələr həyata keçirilib. Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə regionun yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlərin görülməsi müzakirə edilib.

Görüşlərin yekununda qarşıda duran vəzifələr, görüləcək işlər və Dövlət Proqramında müəyyən edilmiş hədəflərə uyğun olaraq nəticə indikatorlarının formalaşdırılması üçün qurumlara tövsiyələr verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az