İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində növbəti illər üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin planlaşdırılması istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsi qrafik üzrə davam edir.
Bu gün ərzində Mərkəzdə keçirilən görüşlərdə “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərişıq” ASC və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri iştirak ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC ilə keçirilmiş görüş zamanı dəmir yolu xəttinin infrastruktur təminatının gücləndirilməsi, o cümlədən Bakı‒Böyük Kəsik dəmir yolu xəttinin infrastruktur təminatı ilə bağlı müəyyən olunmuş konkret tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəsmiləri ilə keçirilən görüşdə ölkədə tranzit potensialının reallaşdırılması və ticarət-logistika sahəsinin inkişaf etdirilməsi istiqamətində əlavə dəyər yaradan xidmətlərin təşkil edilməsinə dair müəyyən olunmuş məsələlər əsas müzakirə obyektinə çevrilib.
“Azərişıq” ASC-nin nümayəndələri ilə energetika sektorunda tənzimləyici mühitin təkmilləşdirilməsi imkanları, habelə elektrik təchizatının yaxşılaşdırılması və elektrik verilişi xətlərinin çəkilməsi ilə əlaqədar Strategiyada müəyyən olunmuş infrastruktur əhəmiyyətli tədbirlər müzakirə edilib.
Dövlət Neft Şirkətinin rəsmiləri ilə keçirilən görüş zamanı isə ölkədə qaz təchizatı sisteminin səmərəliliyinin artırılması və istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsi ilə əlaqədar diqqət tələb edən tədbirlərin icrası istiqamətində məsələlər nəzərdən keçirilib.
Görüşlərin yekununda qarşıda duran vəzifələr, görüləcək işlər, Strategiyada müəyyən olunmuş hədəflərə uyğun müvafiq nəticə indikatorlarının formalaşdırılması ilə əlaqədar qurumlara tövsiyələr verilib.