İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma tədbirləri üzrə növbəti görüşlər keçirilib. Müzakirələr Dövlət Gömrük Komitəsinin, Elm və Təhsil Nazirliyinin, Müdafiə Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə aparılıb.
Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı müzakirələr aparılıb. Elm və Təhsil Nazirliyi ilə əhalinin geri qayıdışına əsaslanaraq mərhələli şəkildə ümumi və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi, əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili və digər mühüm məsələlər nəzərdən keçirilib. Müdafiə Nazirliyi ilə aidiyyəti məsələlər üzrə fikir mübadiləsi aparılıb. Fövqəladə Hallar Nazirliyi ilə isə əhalinin və ərazilərin yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq infrastrukturun yaradılması, radioloji və radioekoloji tədqiqatların aparılması məsələləri üzrə müzakirələr həyata keçirilib.
Görüşlərin sonunda Dövlət Proqramının cari hədəflərinin icrası zamanı yaranan çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olunub, gələcək hədəflərə uyğun nəticə indikatorlarının formalaşdırılması üçün müvafiq tövsiyələr təqdim edilib.