30 oktyabr 2024, 17:40

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində növbəti illər üzrə nəticə indikatorlarının dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər davam edir. Bugünkü görüşlərdə Elm və Təhsil, Gənclər və İdman, Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin nümayəndələri iştirak ediblər.

Elm və Təhsil Nazirliyi ilə keçirilmiş görüşdə Strategiyanın “XXI əsrin tələblərinə uyğun təhsil və rəqabətli insan kapitalının formalaşdırılması” məqsədinə çatmağa hədəflənmiş tədbirlər və fəaliyyət istiqamətləri üzrə müəyyən olunmuş məsələlər müzakirə edilib.

Gənclər və İdman Nazirliyinin nümayəndələri ilə ölkədə mövcud idman infrastrukturunun müasirləşdirilməsi və ondan istifadə imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət nəzərdən keçirilib.

Mədəniyyət Nazirliyi ilə keçirilən onlayn iclasda mədəniyyət və yaradıcı sənayelərin dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi, habelə rayon və kənd yerlərində yaradıcı sənayenin inkişafına dəstək göstərilməsi əsas müzakirə obyektinə çevrilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri ilə keçirilən görüş zamanı özəl sektorda məşğulluğun inkişafının stimullaşdırılması, məşğulluğun səmərəliliyinin artırılması və əməkhaqqı sisteminin təkmilləşdirilməsi, inklüziv cəmiyyətin formalaşdırılması və digər məsələlərə diqqət yetirilib.

Görüşlərin yekununda növbəti illər üzrə qarşıda duran vəzifələr və görüləcək işlər prioritetləşdirilib. Müvafiq nəticə indikatorlarının formalaşdırılması istiqamətində qurumlara tövsiyələr verilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az