İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma tədbirləri üzrə növbəti görüşlər keçirilib. Müzakirələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Dövlət Su Ehtiyatları Agentliyinin və “Azərenerji” ASC-nin nümayəndələri ilə aparılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları ilə birgə işğaldan azad edilmiş şəhərlərin baş planlarının, qəsəbə və kənd yaşayış məntəqələrinin şəhərsalma əsaslandırmalarının hazırlanması və qurumun icraçısı olduğu digər tədbirlərlə bağlı müzakirələr aparılıb. Dövlət Su Ehtiyatları Agentliyi ilə içməli su təchizatı, tullantı sularının axıdılması və təmizlənməsi, yağış sularının idarə olunması şəbəkələrinin qurulması, regionda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı, su anbarlarının tikintisi və digər məsələlər nəzərdən keçirilib. “Azərenerji” ASC ilə regionda su elektrik stansiyaların (SES) və kiçik su elektrik stansiyalarının (KSES) tikintisi və bərpası, bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə inteqrasiyası istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununda Dövlət Proqramı üzrə cari hədəflərin icrası zamanı qarşıya çıxan çətinliklər və onların həlli yolları müzakirə edilib, növbəti hədəflərə uyğun nəticə indikatorlarının formalaşdırılması üçün müvafiq tövsiyələr verilib.