25 oktyabr 2024, 17:42

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icraçı qurumlarla indikativ planlaşdırma məqsədilə görüşlər davam edir.

Bu gün baş tutan görüşlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələri iştirak ediblər.

Görüş zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə yaşayış məntəqələrində dövlət xidmətlərinə çıxışın təmini məqsədilə regionlarlarda DOST Mərkəzinin filiallarının yaradılması, dövlət xidmətlərinin müasir infrastrukturunun qurulması və məşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi kimi vacib məsələlər müzakirə edilib. Mənzil İnşaatı Dövlət Agentliyi ilə isə həmin ərazilərdə yaşayış məntəqələrində çoxmənzilli binaların və fərdi evlərin inşası ilə bağlı mərhələli şəkildə tədbirlər görülməsi istiqamətində müzakirələr aparılıb.

Görüşün yekununda, Dövlət proqramına əsasən növbəti illərdə icra olunacaq tədbirlər üzrə hədəflərə uyğun indikativ planlaşmanın aparılması istiqamətində tövsiyələr təqdim olunub. Eyni zamanda, müvafiq tədbirlərin icra müddətləri və gözlənilən nəticələr təhlil edilərək strateji addımların atılmasının vacibliyi vurğulanıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az