İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Qazaxıstanın Nazarbayev Universitetinin ictimai siyasət üzrə dosenti Janibek Arinova “Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərlə iqtisadi əlaqələrinin gələcək perspektivləri” mövzusunda müsahibə verib. Müsahibədə Türk dünyasında iqtisadi inteqrasiyanın göcləndirilməsində TDT-nin əhəmiyyəti, “Türk Vizyonu 2040” hədəfləri və məqsədləri, təşkilatın qarşısında duran çağırışlar müzakirə olunub.
V. Cəfərova TDT ilə əməkdaşlığın Azərbaycanın regional gücünü artırdığını, üzv dövlətlər arasında qarşılıqlı dəstəyi və əməkdaşlığı gücləndirdiyini bildirib. O, ölkəmizin Türkiyə və Özbəkistan kimi dövlətlərlə strateji müttəfiqlik formatına keçidini, ikitərəfli və regional əlaqələrin möhkəmlənməsində TDT-nin rolunu vurğulayıb.
Müsahibədə TDT çərçivəsində son dövrlərdə imzalanan sənədlər və həyata keçirilən layihələrin Türk dövlətləri arasında daha sıx birliyin təmin olunmasında və iqtisadi inkişafı stimullaşdırmasında əhəmiyyəti qeyd olunub. V. Cəfərova gələcəkdə TDT-nin regional və qlobal miqyasda daha təsirli gücə çevrilməsi, Azərbaycanın təşkilatda aparıcı rolunun davam edəcəyi ilə bağlı əminliyini bildirib.