İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı BMT-nin Nyu-Yorkda keçirilən “Gələcəyin sammiti”ndə iştirak edir. Sammit çərçivəsində Vüsal Qasımlı “Qlobal Beyin Mərkəzlərinin Əməkdaşlığı” tədbirinə məruzəçi kimi qatılıb.
Tədbirdə bu il Azərbaycanda keçiriləcək COP29 tədbiri və 2025-ci ildə Braziliyada keçiriləcək COP30-a dair mühüm müzakirələr aparılıb. Vüsal Qasımlı məruzəsində ekoloji problemlərin həllində qlobal çağırışlar, iqtisadi-siyasi islahatlar, davamlı inkişaf məqsədləri ilə bağlı məsələlərə toxunub. O bildirib ki, qlobal istiləşməni 1,5°C səviyyəsində saxlamaq hər kəsin öhdəliyinə çevrilməli, karbon emissiyası azaldılmalı, “Yaşıl iqtisadiyyat”a keçid bütün sahələri əhatə etməlidir. Bu isə təşəbbüslərin artırılması və icra prosesinə keçidin sürətləndirilməsi ilə mümkündür. COP29 planının təşəbbüslərin artırılmasını nəzərdə tutan birinci istiqaməti bütün tərəfləri iddialı milli planlara və şəffaflığı təmin etməyə çağırır. İkinci istiqamət isə təşəbbüsləri akta çevirməyi, ekoloji dəyişikliyə adaptasiyanı qarşıya məqsəd qoyur.
Vüsal Qasımlı bildirib ki, COP29 həm Paris Sazişi, həm də qlobal iqlim tədbirləri və əməkdaşlığı üçün bir sınaq olacaq: “Biz əsas diqqəti İqlim maliyyəsi üzrə “Yeni Kollektiv Kəmiyyət Hədəfi”nə (NCQG) yönəldərək COP29-da bütün əsas və aktual məsələləri həll etməliyik”.
Tədbirin sonunda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Azərbaycanda Asiya İnkişaf Bankı ilə İİTKM-in COP29 çərçivəsində keçirəcəyi tədbirdə iştirak niyyətlərini ifadə ediblər.