09 sentyabr 2024, 12:16

 “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış “Makroiqtisadi dayanıqlılıq” üzrə İşçi qrupun növbəti iclası keçirilib.  İclasda Strategiyanın 2024-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində birinci yarımillik üzrə görülmüş işlərin monitorinq və qiymətləndirilməsinə dair müzakirə aparılıb.

İşçi qrupun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Strategiya istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib.

İşçi qrupun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov  “Daxili və xarici təsirlərə dayanıqlılıq” məqsədi üzrə hesabatın 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2024-cü ilin birinci yarısı üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair ətraflı məlumat verib. O, tədbirlərin icrası istiqamətində müəyyən edilmiş çağırışları və tövsiyələri təqdim edib,  növbəti yarımildə işlərin icrasının sürətləndirməsi ilə bağlı təklifləri irəli sürüb.

Birgə fəaliyyətin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri arasında müzakirələr aparılıb, növbəti addımlar müəyyən edilib.

 “Makroiqtisadi dayanıqlılıq” İşçi qrupunda Mərkəzi Bank və İİTKM ilə yanaşı, Maliyyə, İqtisadiyyat, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, həmçinin, Dövlət Neft Fondu, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun müvafiq şöbələrinin rəhbər şəxsləri təmsil olunurlar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az