19 iyul 2024, 14:31

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin “OTS Made”(TDT İstehsal) brendinin yaradılması ilə bağlı təşkil olunmuş iclasında təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Qubada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının kənd təsərrüfatı nazirliklərinin nümayəndələrinin iştirakı ilə baş tutan görüşdə “Azexport” portalının “Made in Azerbaijan” məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlərə dair məlumat verilib.

Tədbirdə təqdimatla çıxış edən “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, portal Azərbaycanda istehsal olunan malların vahid məlumat mərkəzi olmaqla yanaşı, təkmil “big data” bazasıdır. O əlavə edib ki, fəaliyyət müddəti ərzində portala daxil olan sifarişləri təhlil edərək ixrac coğrafiyası və ixrac həcmi barədə önəmli statistika hazırlamaq mümkün olub. Portala daxil olan sifarişlərin həcminə əsasən, yerli və beynəlxalq bazarlarda məhsul üzrə tələbatı öncədən görmək, həmçinin qiymət artımını qabaqcadan proqnozlaşdırmaq imkanı var.

Təqdimatın ardınca iştirakçılar “Azexport” portalının Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasında istifadə etdiyi metodologiya və təcrübənin “OTS Made” brendinin yaradılmasında uğurlu nümunə kimi tətbiq oluna biləcəyini vurğulayıblar.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az