16 iyul 2024, 15:23

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Green Talk” layihəsi çərçivəsində növbəti təlim keçirilib. “İslahat Könüllüləri”nin təşəbbüsü ilə “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov "Yaşıl iqtisadiyyatın inkişafında elektron ticarətin rolu" mövzusunda təqdimatla çıxıb edib.

A.Qədəşov gənclərə “yaşıl iqtisadiyyat” anlayışı, resursların səmərəli idarə olunması, ekoloji təmiz və müasir texnologiyalardan istifadə və bu proseslərə elektron ticarətin dəstəyi haqqında ətraflı məlumat verib. Həmçinin, elektron ticarətin üstünlükləri, rəqəmsal ödəniş vasitələri və logistika imkanları haqqında danışıb.

Təqdimat zamanı A.Qədəşov “Azexport.az” portalının fəaliyyəti, Azərbaycanda elektron ticarətin inkişafı və sahibkarlar üçün yaradılmış imkanlardan söz açıb, tələbələrə rəqəmsal özünüməşğulluq fəaliyyətinə dair materiallar təqdim edib. Təlimdə həmçinin “Amazon”, “eBay”, “Alibaba” və digər böyük platformalarda satış imkanlarına dair əsas məqamlar izah olunub. İnteraktiv keçən görüşdə gənclər mövzu ilə bağlı fikirlərini bölüşüb, suallarını ünvanlayıblar.

Qeyd edək ki, "Green Talk" layihəsinin əsas məqsədi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkədə “yaşıl” düşüncənin formalaşmasına dəstək olmaqdır.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az