Azərbaycan və Pakistan arasında möhkəm qardaşlıq əlaqələri hər iki ölkənin iqtisadi inkişafına əsaslı töhfə verir. Prezident İlham Əliyevin Pakistana dövlət səfərinə dair mühüm məqamları şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Azərbaycanla Pakistan arasında imzalanmış sənədlər ticarət, investisiya, tranzit, kiçik və orta biznesin inkişafı, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın yeni səviyyəsinə çatmaq üçün zəmin yaradır.
Hökumətlər arasında imzalanan tranzit ticarət və preferensial ticarət haqında sazişlər bu sahədə tarifləri azaltmağı, vergi və gömrük imtiyazlarının tətbiqini hədəfləyir. Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarında da qarşılıqlı ticarətin həcminin birmənalı olaraq artırılacağını vurğulayıblar. Artıq ilkin mərhələdə güzəştli ticarət formatına aid 9 maddə müəyyən olunub.
TDAM rəhbəri Pakistan iqtisadiyyatının aparıcı sahələrini təhlil edərkən bildirib ki, bu ölkənin kənd təsərrüfatı cari ilin yanvar-aprel aylarında 6.25 faiz artıb. Azərbaycanın Pakistandan idxal edilən düyünü 2027-ci ilədək gömrük rüsumundan azad etməsi bu ölkənin kənd təsərrüfatı məhsullarının ixracını artırmaq və ikitərəfli ticarət əlaqələrini gücləndirmək üçün mühüm jestdir. Bununla yanaşı, Pakistan son dövrlər Xarici Birbaşa İnvestisiyaların (XBİ) cəlb edilməsində artım nümayiş etdirir. Belə ki, 2024-cü ilin aprel ayında (2023-cü ilin eyni dövrü ilə müqayisədə) XBİ 39.1 faiz artaraq 358.8 milyon dollar təşkil edib. Bu və digər göstəricilər Azərbaycanın güclənən və iqtisadiyyatını şaxələndirən bir dövlətlə əməkdaşlığını artırdığını göstərir.
Vüsalə Cəfərovanın sözlərinə görə, səfər zamanı enerji, infrastruktur və digər sektorlarda 2 milyard dollar məbləğində ilkin investisiyalara dair səfər çərçivəsində aparılan müzakirələr hər iki ölkədə iqtisadi inkişafı stimullaşdırmaq və birgə müəssisələr yaratmaq məqsədi daşıyır. Mineral resurslar və geologiya sahəsində əməkdaşlıq haqqında imzalanan Anlaşma Memorandumu enerji resurslarının araşdırılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Rəqəmsal inkişaf və nəqliyyat sahələrindəki razılaşmalar isə infrastrukturun modernləşdirilməsi və texnoloji əməkdaşlığı gücləndirməyi hədəfləyir.
TDAM rəhbəri qeyd edib ki, 2024-2029-cu illər üçün mədəni mübadilə proqramı xalqlar arasında əlaqələri möhkəmləndirmək məqsədi daşıyır ki, bu da iqtisadi əlaqələri dəstəkləyə bilər. Elmi və texnoloji əməkdaşlıq haqqında razılaşmalar isə innovasiya və tədqiqat sahəsini inkişaf etdirərək yeni iqtisadi imkanlar yaratmağı hədəfləyir. Azərbaycan-Pakistan arasında əməkdaşlığın şaxələndirilməsi Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirir. Bu əlaqələr türk dövlətləri üçün də sabitlik və iqtisadi inkişafı təşviq etmək baxımından önəmlidir. Çünki Pakistan hər zaman türk dövlətləri ilə qardaşlıq və həmrəylik nümayiş etdirir.