İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi “Türk iqtisadi icmalı”nın növbəti sayını təqdim edib. 2024-cü ilin yanvar-mart ayları üzrə əsas iqtisadi göstəriciləri əks etdirən bülletendə Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə dair məlumatlar verilib. Bülletendə ölkələrin ərazi, əhali, ümumi daxili məhsul (ÜDM) və ticarət dövriyyəsi üzrə ümumiləşdirilmiş göstəriciləri və dünyadakı payı təsvir edilməklə Türk ölkələrinin ayrı-ayrılıqda ÜDM artımının müqayisəsi aparılıb.
İcmalda Türk dünyasından keçən Orta Dəhliz, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri təsvir edilməklə Türk dövlətlərinin Avrasiya regionu üzrə nəqliyyat daşımalarında mövcud potensialı təqdim olunub. İcmalın ikinci bölməsində isə 2024-cü ilin ilk rübü üzrə makroiqtisadi göstəricilərin dinamikasının 2023-cü ilin eyni dövrü ilə müqayisəsi aparılıb.
Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə ümumi baxış statistikasında göstərilib ki, 2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ təşkil edib. 2024-cü ilin ilk rübündə iqtisadi artım Türkiyədə 5,7 faiz, Azərbaycanda 4 faiz, Özbəkistanda 6,2 faiz, Qırğızıstanda 8,8 faiz, Qazaxıstanda 3,7 faiz, Macarıstanda 1,1 faiz, Şimali Kipr Türk Respublikasında 3,5 faiz və Türkmənistanda 6,3 faiz olub ki, bununla da Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9 faiz qeydə alınıb.
Azərbaycanda iqtisadi artım neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatı və istehsalatda qeydə alınıb. Qazaxıstan iqtisadiyyatında mədənçıxarma və tikinti sahələrində nəzərəçarpan artım və inflyasiyanın sabitliyi müşahidə edilib. Qırğızıstanda mədənçıxarma və xidmət sektorlarında birbaşa xarici investisiyaların (BXİ) axınının artması müşahidə olunur. Türkiyə iqtisadiyyatı 2024-cü ilin 1-ci rübündə daxili tələbatın yüksəlməsi və ixracın canlanması nəticəsində 5.7% artıb, işsizlik səviyyəsi 9,8%-ə enib ki, bu da əmək bazarı şəraitinin yaxşılaşdığını göstərir. Türkmənistan iqtisadiyyatı infrastruktura investisiyalar və qaz ixracı ilə dəstəklənən artım sayəsində fiskal sabitliyi təmin edib ki, təbii qaz ixracından artan gəlirlər hesabına fiskal profisitə malik olub. Özbəkistanda infrastruktura və istehsala yönələn investisiyalar hesabına güclü iqtisadi artım qeydə alınıb və iqtisadiyyatın dayanıqlığını gücləndirən xarici ehtiyatların payının çoxalmasını təmin edib. Macarıstan iqtisadiyyatı sənaye istehsalı və ixracı ilə dəstəklənən artım nümayiş etdirib, dövlət borcunun azalması, fiskal dayanıqlığın yaxşılaşması baş verib. Şimali Kipr isə turizm və tikinti fəaliyyətləri hesabına artım əldə etməklə iqtisadi fəallığını yüksəldib.
Qeyd edilməlidir ki, “Türk iqtisadi icmalı” TDT-yə daxil olan üzv və müşahidəçi dövlətlərin dillərində və eləcə də ingilis dilində olmaqla, ənənəvi olaraq, ümumilikdə 8 dildə təqdim edilir.
“Türk iqtisadi icmalı” statistik nəşrinin
- Azərbaycan variantı ilə bu linkdən https://tinyurl.com/mrx8kmz7,
- ingilis variantı ilə bu linkdən https://tinyurl.com/bp65vczt,
- rus variantı ilə bu linkdən https://tinyurl.com/ykkxfmsv,
- türk variantı ilə bu linkdən https://tinyurl.com/mr43zk89,
- macar variantı ilə bu linkdən https://tinyurl.com/32wtsu34,
- özbək variantı ilə bu linkdən https://tinyurl.com/3hzwv4ak,
- qazax variantı ilə bu linkdən https://tinyurl.com/mrnwkr68,
- qırğız variantı ilə isə bu linkdən https://tinyurl.com/y36a3ch4 tanış olmaq mümkündür.