27 iyun 2024, 11:17

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Türkiyənin İbn Haldun Universitetinin professoru Ömer Faruk Kafalı, Böyük Britaniyanın Durham Universitetinin Beynəlxalq Münaqişələrin Həlli İnstitutunun direktor müavini Dr. Can Eken və Böyük Britaniyanın Siti Universitetinin hüquq elmlər üzrə doktoru Doğan Gültutan ilə görüş keçirib. Qonaqlar Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Bakıda keçirilən 2-ci Beynəlxalq Yay Arbitraj Məktəbinin mühazirəçiləri qismində Azərbayacana səfər ediblər.

Görüş zamanı V. Cəfərova  Türk dünyasında iqtisadi inteqrasiya proseslərinin artırılması, “Türk Dünyası 2040 Vizyonu” hədəflərinə nail olunması, Orta Dəhlizin inkişaf etdirilməsi və transsərhəd ticarətin asanlaşdırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və gələcək perspektivlər barədə qonaqlara məlumat verib. Eyni zamanda  Türk dövlətləri arasında ticarət və investisiya həcminin artırılması məqsədilə, ölkələrin potensialının müəyyən edilməsi və regiona daha çox investisiya cəlb etməsi üçün hüquqi mühitin təkmilləşdirilməsi sahəsində universitetlər və akademik dairələr arasında birgə əməkdaşlığın aparılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə iştirak edən universitet nümayəndələri Türk dövlətlərində investisiyaları tənzimləyən mövcud hüquqi bazanın təhlili, investorların üzləşdiyi ümumi hüquqi maneələr və çətinliklərin müəyyən edilməsi və Türk dövlətləri arasında investisiya qanunları və qaydalarının uyğunlaşdırılması sahəsində təkliflərin hazırlanması ilə bağlı fikirlər səsləndirib. Eyni zamanda qlobal investisiya mərkəzlərinin ən yaxşı təcrübələrindən istifadə edərək daha cəlbedici investisiya mühiti yaratmaq təşəbbüslərini dəstəkləmək üçün İİTKM-lə  davamlı əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşün sonunda Vüsalə Cəfərova qonaqlara TDT-nı təmsil edən ölkələrin beyin mərkəzləri ilə birlikdə hazırlanan “Türk dövlətləri iqtisadiyyatı” kitabını təqdim edib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az