İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalı tərəfindən növbəti sərbəst satış sertifikatları təqdim olunub. Sertifikatlar Azərbaycanda istehsal olunan səkkiz adda 50, 350, 700 və 1000 milliqramlıq ölçülərdə spirtli içkilərin Bolqarıstan Respublikasına ixracı üçün nəzərdə tutulub.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun Azexport portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə 2018-ci ilin aprel ayından 2023-cü il iyul ayına kimi 714 adda məhsula sərbəst satış sertifikatı təqdim olunub. Sertifikatın verilməsi Azərbaycan Respublikasında istehsal olunan məhsullarının əvvəllər ixracında çətinlik yaranan 100-dən artıq Amerika Qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə məhsulların ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.