11 iyun 2024, 14:27

Azərbaycan və Türkiyə arasında inkişaf edən iqtisadi-siyasi əlaqələr regional dinamikanı formalaşdırmaqla yanaşı Türk Dünyası ölkələrinin inteqrasiyasını da sürətləndirir. Enerji, nəqliyyat, ticarət, infrastruktur, kənd təsərrüfatı, turizm və digər sahələri əhatə edən əməkdaşlığın yeni perspektivlərinin müəyyən olunmasında ölkə liderlərinin qarşılıqlı təmasları müstəsna rol oynayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Prezident İlham Əliyevin iyunun 10-da Türkiyəyə işgüzar səfəri çərçivəsində müzakirə olunan mövzuları şərh edib. Bildirib ki, Prezidentlərin görüşündə iki dövlət arasında qardaşlıq, dostluq və müttəfiqliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsi diqqət mərkəzində olub. Liderlər Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Orta Dəhlizlə bağlı birgə təşəbbüslərin regional əlaqələrin genişləndirilməsi və ticarətin asanlaşdırılması baxımından əhəmiyyətini vurğulayıblar.

Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü ilə bağlı əməkdaşlıq məsələləri və Orta Dəhlizin inkişaf perspektivləri müzakirə olunub, Türkiyə Prezidentinin Şuşa Zirvə Toplantısında iştirakı təsdiqlənib, Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı COP29-a bir daha dəvət edib.

V. Cəfərova statistik məqamlara diqqət çəkib və bildirib ki, Azərbaycan və Türkiyə arasında iqtisadi və ticari əlaqələrin təhlili müsbət dinamika nümayiş etdirir. 2023-cü ildə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 31% və ya 1 milyard 808 milyon dollar artaraq 7 milyard 650 milyon dollar təşkil edib. Türkiyə  15 faizlik pay ilə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır və yaxın illərdə ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq hədəflənir.

Bu ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsi 1 milyard 469 milyon dollar təşkil edib. Tərəflər qeyri-enerji sektoru üzrə də əməkdaşlığı gücləndirir, qarşılıqlı sərmayə qoyuluşlarında da kəskin artımlar müşahidə edilir.

Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbərinin sözlərinə görə iqtisadi-siyasi tərəfdaşlığın güclənməsi Türk dünyasında inteqrasiya proseslərini də sürətləndirir.  Bu nailiyyətlərin əldə olunmasında Prezident İlham Əliyevin təşəbbüskarlığı və öncüllüyü xüsusi rol oynayır. Onun proseslərə strateji baxışı və regional layihələrdə fəal iştirakı digər türk dövlətlərinin də iqtisadi əməkdaşlığını əhəmiyyətli dərəcədə artırıb. Türk Dünyası daxilində hərtərəfli iqtisadi inteqrasiya və inkişafa nail olmaq üçün bu uğurların davam etdirilməsi və birgə səylərin genişləndirilməsi zəruridir.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına köklənən qardaşlığı Prezident İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır" bəyanatı çoxtərəfli müstəviyə və beynəlxalq miqyasa qaldırmaqla Türk Dövlətləri Təşkilatının qlobal arenada önəmli güc mərkəzinə çevrilməsi üzrə səyləri artırır. İyunun 6-da Türk Dövlətləri Parlament Assembleyasının üzvlərinin Bakıda keçirilən növbəti plenar iclasının nümayəndələri ilə görüşü zamanı Prezidenti İlham Əliyev Türk dünyasının birləşməsi və gücləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioriteti kimi müəyyən edildiyini və bu sahədə səylərin artırılması məqsədilə sürətli və davamlı təmaslara ehtiyac olduğunu xüsusi vurğulayıb. Dövlət başçısının "Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər" bəyanatı isə bu birliyin gücünü bir daha ifadə edərək türk dünyası üçün yeni hədəfləri müəyyənləşdirib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az