İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalının Quba rayonunda fəaliyyət göstərən bir qrup sahibkar və gənclərlə görüşü baş tutub. Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının dəstəyi ilə keçirilən görüşdə portalın iş prinsipi və xarici bazarlara çıxış üçün təqdim etdiyi imkanlar barədə məlumat verilib.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov “Amazon”, “Ebay” “Alibaba” kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, “Payoneer” beynəlxalq ödəniş sistemindən istifadəyə dair zəruri məlumatları praktik nümunələr əsasında təqdim edib.
Quba Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Fərid Əhmədxanov, ADPU-nun Quba filialının sosial və humanitar məsələlər üzrə direktor müavini Aysel Şeydayeva gənclərin rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Sonda iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.
Qeyd edək ki, bənzər tədbirlərin ölkənin digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.