İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Dr. Caba Moldizi qəbul edib.
Görüş zamanı V.Qasımlı Azərbaycan və Macarıstan arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O bildirib ki, İİTKM-lə “Mathias Corvinus Collegium” Universitetinin birgə həyata keçirəcəyi fundamental tədqiqatlar və irimiqyaslı layihələr münasibətlərin daha da yaxşılaşmasına töhfə verəcək.
Beynəlxalq Münasibətlər Mərkəzinin rəhbəri Caba Moldiz də öz növbəsində rəhbərlik etdiyi qurumun Azərbaycanla sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini və bu görüşün gələcəkdə İİTKM-lə “Mathias Corvinus Collegium” Universiteti arasında birgə fəaliyyət üçün zəmin yaratdığını qeyd edib.
Görüşdə “Orta dəhliz: mövcud vəziyyət və gələcək perspektivlər” kitabının hazırlanmasında Universitet ilə əməkdaşlıq potensialı müzakirə olunub. Bununla yanaşı, innovasiya ekosistemindəki müasir çağırışların təhlili, startap layihələrinin inkişaf etdirilməsi, müxtəlif formatlı tədbirlərin təşkili, birgə tədqiqatların aparılması və digər məsələlər gündəliyə gəlib.
"Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva isə “Startup School 1” layihəsinin qazandığı uğurlar və “Startup School 2 - Yaşıl Dünya naminə Süni İntellekt” (AI for Green Solidarity)” layihəsi barədə məlumat verib. Bildirib ki, layihə çərçivəsində həm yerli, həm də xarici startapçılar geniş tədqiqatlar aparır və ekosistemdəki yenilikləri öyrənirlər. Təqaüd proqramı çərçivəsində 3 ay ərzində “Enterprise Azerbaijan”da təcrübə keçən “Mathias Corvinus Collegium” Universitetinin tələbəsi Piter Baloq isə burada qazandığı bilik və bacarıqlar haqqında danışıb.
Qeyd edək ki, Dr. Caba Moldiz “Enterprise Azerbaijan” portalının Macarıstan Universiteti ilə əməkdaşlığı çərçivəsində təşkil olunan “Sərhədlərarası İnnovasiya: Azərbaycan-Macarıstan dostluğunun möhkəmləndirilməsi” (Cross-Border Innovation: Strengthening Azerbaijan-Hungary Friendship) adlı beynəlxalq konfransda iştirak məqsədilə ölkəmizə səfər edib.
Görüşün sonunda Vüsal Qasımlı qonağa “Türk Dövlətləri İqtisadiyyatı” kitabını, “Enterprise Azerbaijan”da təcrübə keçən macar tələbə Piter Baloqa isə sertifikat və təşəkkürnamə təqdim edib.
Macar qonaq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində də olub. İİTKM-nin şöbə müdiri Nicat Hacızadə Mərkəzin fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.