İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi və ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Startup School 2 - AI for Green Solidarity” (Yaşıl həmrəylik naminə süni intellekt) layihəsi çərçivəsində daha bir təlim təşkil olunub. “Maliyyə menecmenti” (“Financial Management”) mövzusuna həsr edilmiş budəfəki təlimi Türkiyənin OSTİM Texniki Universitetinin İdarəetmə İnformasiya Sistemləri şöbəsinin İngilis proqramının rəhbəri Dr. Melike Aktaş Bozkurt keçib.
M.Bozkurt bildirib ki, kursun əsas məqsədi tələbələrin minimum kənar maliyyə və digər resurslarla biznesə başlamaları üçün onlarda zəruri bacarıqları formalaşdırmaq, həmçinin onları zəruri alətlərlə təchiz etməkdir. O, ilk dövrlərdə böyük kapital olmadan startapları biznesə çevirməyin və ümumiyyətlə, bu işə başlamağın çətinliklərini aradan qaldırmağın yollarından danışıb. M.Aktaş kapitalın artırılması yollarını açıqlayıb və təşkilati məqsədlərə nail olmaqda strateji maliyyə planlaşdırmasının vacibliyini qeyd edib.
Təlimdə iştirakçılar hər hansı bir şirkətin maliyyəsini effektiv idarə etmək üçün vacib olan müxtəlif aspektlər haqqında məlumatlar əldə ediblər. Əsas diqqət gəlirlilik, likvidlik, səmərəlilik və sabitlik kimi əsas maliyyə məqsədlərinin başa düşülməsinə və balanslaşdırılmasına yönəldilib.
Sessiya zamanı proqnozlaşdırma metodologiyaları araşdırılıb və bazar təhlili üçün “TAM SAM SOM” modeli təqdim olunub. Gələcək maliyyə nəticələrinin proqnozlaşdırılmasında dəqiqliyin və hərtərəfliliyin vacibliyi vurğulanaraq, maliyyə proqnozlaşdırmasının prinsipləri qeyd edilib. Həmçinin maliyyə idarəçiliyində şirkətin fəaliyyətini optimallaşdırmaq və davamlı böyüməsini təmin etmək üçün əsaslandırılmış qərarların qəbulunun vacibliyi vurğulanıb.
Sonda iştirakçılar “Pro Forma Maliyyə Hesabatları” ilə tanış olublar və yeni müəssisələrin gəlir kanallarını qiymətləndirmək üçün vacib olan satış proqnozlarının qurulması üsullarını öyrəniblər.