18 aprel 2024, 16:14

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Biznesin müflisləşməsi” işçi qrupunun növbəti iclası keçirilib.

İclasda Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Vəkillər Kollegiyası, o cümlədən özəl sektorun - “Ernst & Young Holdings (CIS) B.V.”, “Deloitte & Touche” şirkəti, “PricewaterhouseCoopers Azerbaijan” və “Ekvita” şirkətlərinin nümayəndələri və işçi qrupunun digər üzvləri iştirak ediblər.

Görüşdə Birləşmiş Millətlər Təşkilatının Dünya Bankı Qrupunun "Business Ready" Hesabatının “Biznesin müflisləşməsi” indikatorunun Qanunvericilik və Dövlət xidmətləri bloku üzrə mövcud vəziyyətin özəl sektor nümayəndələri ilə birlikdə təhlili aparılmış, iştirakçıların təklifləri müzakirə edilərək sualları cavablandırılmış və nəticə etibarilə müflisləşmə proseduruna dair bir sıra məsələlərə aydınlıq gətirilib.

Eyni zamanda, iclas zamanı qeyd olunan indikator üzrə məlumatlılığın artırılması istiqamətində özəl sektorun nümayəndələri, o cümlədən konsaltinq şirkətləri və biznes assosiasiyaları arasında müvafiq məlumatlandırma və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, bu sahədə kommunikasiya işlərinin yüksək səviyyədə təmin edilməsi zərurəti vurğulanıb.

Qarşılıqlı əməkdaşlıq formatında keçən iclasda özəl sektor təmsilçiləri, xüsusilə aparıcı konsaltinq şirkətlərinin nümayəndələri biznes mühitinin daha da yaxşılaşdırlmasında dövlət-biznes dialoqunu və bu sahədə islahatların davam edirilməsini yüksək qiymətləndirilib.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az