Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən 2024-cü il və növbəti illər üzrə xam neft təklifinin və qiymətinin azalmasının proqnozlaşdırılması fonunda Azərbaycanın iqtisadi artım göstəricilərinin əvvəlki illərlə müqayisədə yüksək təxmin edilməsi qeyri-neft-qaz sektorundan müsbət gözləntilərdən qaynaqlana bilər.
Bunu “Report”a IMF-n “World Economic Outlook” hesabatının aprel sayında 2024-cü üçün Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə deyib.
O bildirib ki, bundan əlavə, Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoru üzrə əsas xarici ticarət tərəfdaşlarında böyümə proqnozunun yüksək olması xarici sektorun əlverişliliyi nöqteyi-nəzərindən müsbət amil hesab edilə bilər: “2023-cü ildə təbii qaz ixracının yönəldiyi bir sıra Avropa ölkələrində ümumi daxili məhsulun iki tələb komponentinin artımına verilən proqnozlara əsasən, 2024-cü ildə də davam edəcəyi gözlənilir. Belə ki, Yunanıstan, Serbiya, Bolqarıstan, İtaliyada ev təsərrüfatlarının istehlakının artımı ilə əlaqədar müsbət gözləntilər təbii qaz ixracının artımını dəstəkləyəcək. Həmçinin Türkiyənin 3,1 %, Rusiya Federasiyasının 3,1 %, Gürcüstanın 5,7 %, Qazaxıstanın 3,1 % böyüməsi Azərbaycanın qeyri-neft-qaz ixracı üçün əlavə üstünlükdür. Habelə, sözügedən ölkələrdən Azərbaycana birbaşa xarici investisiyaların axınını gücləndirir”.
Şöbə müdiri qeyd edib ki, qlobal iqtisadi artımın ötən illə müqayisədə sürətlənməsi Azərbaycanın daxil olduğu Yaxın Şərq və Mərkəzi Asiya regionu ölkələrinin iqtisadiyyatlarına müsbət təsir göstərib: “Sözügedən iqtisadiyyatlarda 2024-cü il üçün 2,8 %, 2025-ci il üçün isə 4,5 % iqtisadi artım proqnozlaşdırılır. Bütövlükdə, əsasən neft-qaz ixracatçılarının üstünlük təşkil etdikləri Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarında cari hesablar balansının ÜDM-də payı müsbət zonada hərəkət edir. Yaxın Şərq və Mərkəzi Asiya tərkibində qeyd edilən Qafqaz və Mərkəzi Asiya qrupu üçün 2024-cü il üzrə artım isə 3,9 % təxmin edilir”.
Hesabata əsasən 2024-cü il üzrə Azərbaycanda iqtisadi artımın 2,8 % proqnozlaşdırılmasının Yaxın Şərq və Mərkəzi Asiya iqtisadiyyatlarının orta böyümə göstəricisinə bərabər olduğunu söyləyən İİTKM-in rəsmisi inflyasiya göstəricisinin 2023-cü illə müqayisədə aşağı olaraq 3,5 % qiymətləndirildiyini diqqətə çatdırıb: “Cari hesablar balansının ÜDM-də payı isə 8,5 % təşkil edir ki, bu da Mərkəzi Asiya və Yaxın Şərq ölkələrin iqtisadiyyatları üzrə orta göstəricidən 6,7 faiz bəndi çoxdur. IMF tərəfindən 2024-cü ildə verilən proqnoza adekvat olaraq Azərbaycan iqtisadiyyatı ilin birinci rübündə 4 %, qeyri-neft-qaz sektoru üzrə isə 6,7 % böyümə performansı göstərib. Bu ilin yanvar-fevral ayılarında Azərbaycanın ixrac gəlirləri üzrə şaxələndirmə ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz bəndi yaxşılaşıb”.
N. Hacızadə vurğulayıb ki, hazırda Azərbaycanın xarici ticarət balansında müşahidə olunan əlverişli konyuktur neft-qaz qiymətlərinin yüksək olması ilə əlaqədardır: "Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında əsas kapitala investisiya qoyuluşlarının yüksəlməsi, kredit qoyuluşlarının yüksək artımı, fevral ayında Mərkəzi Bankın valyuta rezervlərinin ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 % artımı, aylıq və illik inflyasiyanın hədəf daxilində hərəkəti və bir rəqəmli olması, həmçinin əkiz balanslarda müşahidə edilən profisit iqtisadi artımı birbaşa və dolayı formada dəstəkləyir”.
IMF-nin qlobal iqtisadiyyatla bağlı proqnozlarını da şərh edən N.Hacızadə diqqətə çatdırıb ki, 2024-cü il aprel nəşrindəki ənənəvi hesabatda artım, ticarət, inflyasiya, məşğulluq, cari hesablar balansı və s. istiqamətləri əhatə edir: “Ötən il qlobal iqtisadi artımda durğunluq müşahidə olunmasına baxmayaraq IMF 2024-cü il üçün müsbət proqnozlar verib. Hesabata əsasən, cari ilin sonuna kimi qlobal iqtisadi artım 3,2 %, 2025-ci ildə 3,2 %, 2026-cı ildə isə 3,1 % proqnozlaşdırılır. İnkişaf etmiş ölkələr üçün nəzərdə tutulan proqnoz 1,7 % olması fonunda inkişaf etməkdə olan ölkələr üzrə artım proqnozu 3,9 % təxmin edilir. Bundan əlavə, inkişaf etməkdə olan Asiya ölkələrinin artım proqnozu 5 %-ə yaxınlaşarkən eyni statusa malik Avropa ölkələrində bu 3 %-in altında təxmin edilir. IMF-in analitik qrupu tərəfindən təxmin edilən digər göstəricilər isə enerji və qeyri-enerji resurslarından əldə edilən gəlirlərlə əlaqədardır. Belə ki, enerji resurslarının 2024-cü ildə yaradacağı əlavə dəyər qeyri-enerji ilə müqayisədə 0,9 faiz bənd daha aşağıdır”.
Şöbə müdiri bildirib ki, qlobal iqtisadi canlanmaya əhəmiyyətli töhfə verən inkişaf etmiş ölkələr arasında ABŞ və avrozona ölkələri üçün 2024-cü ilin sonu üçün artım proqnozları müvafiq olaraq 1,8 % və 1,4 % təşkil edib: “Avrozona ölkələri arasında isə ən yüksək artım göstəricisi Xorvatiya, ən zəif göstərici isə İrlandiya və İtaliyaya aiddir. Qlobal iqtisadiyyatın əsas aktorlarından olan Yaponiyada qlobal artım 0,5 % olmaqla, gözləntilərin altında qalıb. IMF hesabatına əsasən, mərkəzi bankların uzun zamandır sərt pul siyasətinə üstünlük verməsi, habelə bazardan pul kütləsinin absorbsiyası nəticəsində əhəmiyyətli daralma müşahidə edilib. Təəccüblü deyil ki, hesabatda daxili tələbin daralmasından dolayı avrozona ölkələrinin böyük əksəriyyətində faktiki artım potensialın altında qalaraq buraxılış kəsirini mənfi zonaya (inflyasiyanın azalmasına səbəb) daşıyıb”.