15 mart 2024, 11:25

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov “Tağısoy Elektrik” MMC-nin istehsal müəssisəsində olub. O, görüşdə portalın fəaliyyətinə dair məlumatlar verib və yerli sahibkarların “Azexport” vasitəsilə qlobal bazara, xüsusilə də beynəlxalq onlayn satış platformalarına çıxışı imkanlarından danışıb.

Şirkətin nümayəndəsi Ramin İsmayılov müəssisənin “Parla” brendi altında lampa istehsal etdiyini və ayda 300 min ədəd lampa istehsalı potensialına malik olduğunu, istehsal olunan məhsulların hər birinin satışa çıxmazdan əvvəl keyfiyyət testindən keçirildiyini bildirib. O, məhsulların beynəlxalq standartlara və yerli qanunvericiliyə uyğun istehsal olunduğunu qeyd edib.

Müzakirə zamanı “Parla” brendinin “Amazon” və “Ebay” vasitəsilə Avropa və Amerika bazarlarına çıxış imkanları, həmçinin  beynəlxalq bazarda mövcud rəqiblərin qiymət və marketinq strategiyaları barədə fikir mübadiləsi aparılıb. Bu çərçivədə müəssisənin məhsullarının “Azexport” və beynəlxalq elektron ticarət platformalarına inteqrasiyasına dair tədbirlər planı müzakirə olunub.

Qeyd edək ki, “Azexport” portalı istehsal müəssisələrini ziyarət etməyə, yerli brendlərin portala və beynəlxalq platformalara inteqrasiyasına dəstək verməyə davam edir. Portal bu istiqamətdə fəaliyyətin koordinasiyalı təşkilində “Meetup Networking Club”la əməkdaşlıq edir. “Meetup Networking Club”a qoşulmaq istəyən sahibkarlar təqdim olunan keçid linkindən istifadə edə bilərlər.

Keçid linki: https://chat.whatsapp.com/L62IkC8eP0f5mJ4aMszcrf.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az