13 mart 2024, 12:20

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı və “Payoneer” rəqəmsal ödəniş platforması arasında onlayn görüş keçirilib.

Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın imkanları və fəaliyyəti barədə məlumat verib. “Payoneer”in biznesin inkişafı üzrə baş meneceri Ekaterina Li isə, öz növbəsində, Azərbaycanda elektron ticarətin inkişafı, yeni rəqəmsal imkanların formalaşdırılması və rəqəmsal savadlılığın artırılması istiqamətlərinin dəstəklənməsində maraqlı ola biləcəklərini qeyd edib.

Görüşdə “Payoneer” rəqəmsal ödəniş sistemlərinin Azərbaycanda təmsil olunması imkanları, yerli sahibkarlar və gənclər üçün beynəlxalq elektron ticarət və rəqəmsal bankçılıq xidmətlərindən istifadəyə dair silsilə seminarların təşkili məsələləri də müzakirə olunub. Həmçinin, yeni hesabların açılması zamanı qeydiyyat ünvanı və hesablar üzrə təsdiqedici sənədlərin qəbulu, eləcə də, ikili təsdiqetmə üçün mobil nömrələrə göndərilən “OTP” şifrələrlə bağlı yaranan çətinliklər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mərkəzi ofisi ABŞ-nin Nyu York şəhərində yerləşən “Payoneer” dünyanın rəqəmsal bankçılıq xidməti təklif edən aparıcı şirkətlərindəndir. Platforma “Amazon”, “eBay” və digər nəhəng elektron ticarət platformaları istifadəçiləri tərəfindən ən çox istifadə olunanlar arasındadır. Bununla yanaşı, “Payoneer” “freelance” xidmətlər təklif edən platformalardan ödənişlərin qəbulu üçün də geniş istifadə olunur.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
www.ereforms.gov.az