VÜSAL QASIMLI: Azərbaycanın Açıq Büdcə İndeksi müstəqillik tarixində ən yüksək qiymətləndirilib

VÜSAL QASIMLI: Azərbaycanın Açıq Büdcə İndeksi müstəqillik tarixində ən yüksək qiymətləndirilib

“Beynəlxlaq Büdcə Tərəfdaşlığı” tərəfindən Açıq Büdcə İndeksi üzrə dünya ölkələrinin 2021-ci ildə reytinqi açıqlanmışdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Açıq Büdcə İndeksinə dair “Azərtac”a eksklüziv müsahibə verib.

 

  1. İlk öncə xahiş edirik yenicə açıqlanmış Açıq Büdcə İndeksi (ABİ) reytinqi üzrə Azərbaycanın mövqeləri barədə məlumat verərdiniz.

Bu il may ayının 31-də “Beynəlxlaq Büdcə Tərəfdaşlığı” təşkilatı tərəfindən Açıq Büdcə İndeksi üzrə dünya ölkələrinin 2021-ci ildəki reytinqi açıqlanmışdır. Azərbaycan müvafiq hesabatda 100 mümkün baldan 57 bal toplamaqla müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi üzrə ən yüksək nəticə ilə qiymətləndirilmişdir. Azərbaycan son qiymətləndirmə sorğusunda öz nəticələrini öncəki sorğuya nəzərən 22 bal artırmışdır. Onu da qeyd edək ki, öncəki illər ərzində Azərbaycan müvafiq reytinq üzrə bir sıra irəliləyişlərə nail olmuş və ölkənin mövqeyi 2006-cı ildəki 30 bal göstəricisindən 2015-ci ildə 51 bal səviyyəsinə çatmışdır. Ümumilikdə, Azərbaycan müvafiq reytinqin parametrləri üzrə dünya üzrə bir sıra orta göstəricilərdən irəlidədir.  

  1. Bəs, Açıq Büdcə İndeksi (ABİ) hansı metodologiyaya əsaslanır və ölkənin büdcə sistemi üçün əhəmiyyəti nədən ibarətdir?

ABİ “Beynəlxalq Büdcə Tərəfdaşlığı” adlı nüfuzlu beynəlxalq qeyri-hökumət təşkilatı tərəfindən ekspert sorğusu əsasında iki ildən bir tərtib olunan reytinqdir. Açıq Büdcə Sorğusunun üç əsas bölməsindən biri olan reytinq büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı göstəricilərinin ölkələr üzrə müqayisəsini aparır. Digər iki bölmə isə büdcə proseslərində ictimaiyyətin iştirak imkanları və rəsmi nəzarət orqanlarının (qanunverici hakimiyyət orqanı və ali audit qurumu daxil olmaqla) rolu və səmərəliliyi göstəriciləridir. Qeyd edək ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanmışdır və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak etməkdədir. Bu indeksin əhəmiyyət ondan ibarətdir ki, reytinqin tərtib olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri kimi sənədlərə istinad olunur. Onu da qeyd edək ki, bu qiymətləndirmə çoxsaylı parametrlər üzrə müstəqil qiymətləndiricilər tərəfindən müəyyənləşdirilmiş və qurum tərəfindən yenidən baxışdan keçirilmişdir.

  1. Vüsal müəllim, Azərbaycanın belə yüksək nəticələr əldə etməsi nə ilə bağlıdır?

Ümumiyyətlə, bu dəfəki reytinq hesabatının bir xüsusi önəmi ondan ibarətdir ki, ilk dəfə olaraq, Azərbaycanda büdcə sistemi ilə bağlı bütün səkkiz sənədin ictimaiyyətə açıqlanması “Beynəlxalq Büdcə Tərəfdaşlığı” tərəfindən qeyd edilmişdir. Əlavə olaraq, ilkin büdcə sənədləri, dövlət büdcəsinin icrasına dair yarımillik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq səviyyəsinin artırılması, həm də sənədlərin özlərinin ictimaiyyətə açıqlanması üzrə irəliləyişlərə nail olunmuşdur. Eyni zamanda açıq büdcə sorğusunun nəticələri onu göstərir ki, büdcə məlumatlarının açıqlanması və əlçatanlılığı ilə paralelel olaraq, müvafiq qurumlar tərəfindən aparılan büdcə auditi prosedurları da kifayət qədər müsbət qiymətləndirilmişdir. Belə ki büdcə nəzarəti prosedurları üzrə ölkə ümumilikdə 100 üzərindən 63 balla, Hesablama Palatasının audit prosedurları isə 89 balla qiymətləndirilmişdir ki, bu da dünya miqyasında xeyli yüksək göstərici hesab olunur.

  1. Azərbaycanın mövqeyi müvafiq reytinqdə hansı parametrlər əsasında qiymətləndirilmişdir?

Açıq Büdcə Sorğusunun 2021-ci il üzrə nəticələri əsas və köməkçi suallar əsasında müəyyənləşmişdir ki, müvafiq sualların da əksəriyyəti büdcə haqqında məlumatların ictimaiyyətə əlçatanlığının qiymətləndirilməsinə, yəni Açıq Büdcə İndeksinin hesablanmasına xidmət etmişdir. Belə qiymətləndirmə 8 əsas büdcə sənədinin əhatəliliyinin və metodologiyada nəzərdə tutulmuş müddətlərdə dərc edilməsinin, o cümlədən, rəsmi dövlət qurumlarının veb-səhifələrində yerləşdirilməsinin təhlili vasitəsilə aparılır. Qeyd olunan 8 əsas büdcə sənədi aşağıdakılardan ibarətdir: İlkin büdcə sənədi; İcra orqanının büdcə layihəsi; Təsdiq edilmiş büdcə; Vətəndaş büdcəsi; Dövlət büdcəsinin icrasına dair aylıq hesabat; Dövlət büdcəsinin icrasına dair yarımillik hesabat; Dövlət büdcəsinin icrası üzrə illik hesabat; Dövlət büdcəsinin icrasına dair audit hesabatı.

Onu da qeyd edək ki, büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığı, yəni Açıq Büdcə İndeksi üzrə qiymətləndirmə meyarlarını təyin edən əsas parametrlər ildən ilə dəyişikliklərə məruz qalır və təkmilləşdirilir ki, ən çox dəyişikliklər də 2015-ci ildə edilmişdir. 2017-ci ildə isə metodologiyaya müstəqil fiskal institutların yaradılması, ictimai iştirakçılıqla bağlı meyarların genişləndirilməsi və s. kimi dəyişikliklər əlavə edilmişdir.

  1. Ümumiyyətlə, bu indeksə əsasən hansı ölkələr daha yüksək nəticələr göstərmişdir və Azərbaycan üçün daha hansı inkişaf perspektivləri mövcuddur?

Hesabatda ənənəvi olaraq, ilk yerlərdə Şimali Avropa ölkələri və inkişaf etmiş digər böyük ölkələr yer alır. Nəzərə alsaq ki, müvafiq hesabatda da qeyd olunduğu kimi, bu göstəricilər, Azərbaycanın əldə etdiyi ən yüksək nəticələrdir və burada kəskin inkişaf trendləri mövcud olmuşdur, o zaman əlbəttə ki, burada mühüm gələcək inkişaf imkanlarının olduğunu da qeyd edə bilərik. Belə ki, mərhələ-mərhələ ölkənin göstəricilərinin müvafiq reytqində daha da artması, ictimai iştirakçılıq, büdcə auditi və kommunikasiyası kimi məsələlərdə ölkənin mövqeyinin yüksələcəyini görmək mümkündür. Bu templə davam edərsə, növbəti hesabat illərində Azərbaycanın bir çox inkişaf etmiş Avropa ölkələri, həmçinin “Böyük Yeddilik” ölkələrinin də yer aldığı 2-ci qrup ölkələrin səviyyəsinə çata biləcəyini proqnozlaşdıra da bilərik. Belə ki, Açıq Büdcə İndeksi metodologiyasına əsasən qeyd olunan göstəricilərə malik ölkələr yüksək büdcə açıqlığı olan ölkələr səviyyəsi hesab edilir.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R