İxrac potensialının yüksəldilməsi və investisiyaların təşviqi

İxrac potensialının yüksəldilməsi və investisiyaların təşviqi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin

departament rəhbəri Nicat Hacızadənin şərhi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər qeyri-neft sektoru üzrə ixracın həcmi və dəyəri artmışdır. İqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sektoruna aid məhsulların çeşidlənməsi və müxtəlifliyi, o cümlədən coğrafi şaxələndirmə ölkəmizin tədiyyə balansına müsbət təsir edərək, cari hesablar balansı hesabına makroiqtisadi və maliyyə sabitliyini təmin etmişdir. İxracın şaxələndirilməsi haqqında bəhs etdikdə, yalnız mal və məhsulların müxtəlifliyi, hərtərəfli olması nəzərdə tutulmur. Dünyanın əksər ölkələrində, xüsusilə qardaş Türkiyə Cümhuriyyətində ixrac statistikaları verilərkən, xidmətlər ixracıda vurğulanır. Mal və məhsul ixracından fərqli olaraq, xidmətlərin ortaya çıxardığı əlavə dəyər bir çox hallarda əmtəədən daha məhsuldar olur. Bu ilin yanvar-mart aylarını əhatə edən tədiyyə balansı göstəricilərinə müvafiq olaraq, Azərbaycanın xidmətlər ixracı 1,01 milyard ABŞ dolları təşkil etmişdir ki, bunun 73,7%-i qeyri-neft ixracının payına daxildir. Həmin dövr ərzində qeyri-neft üzrə ixrac isə 727,2 milyon ABŞ dolları təşkil etmişdir. Verilənlərə uyğun olaraq, Azərbaycanın birinci rüb üzrə qeyri-neft sektoru üzrə ixracı 1,74 milyard ABŞ dolları dəyərindədir. Şübhəsiz ki, mal və məhsul istehsalı kimi xidmətlər sektorunun inkişafı nəhəng infrastruktur layihələri hesabına baş vermişdir. Qeyri-neft sahələri üzrə xidmətlər sektorunda əsas pay nəqliyyat xidmətlərinin hesabına formalaşır. Belə ki, qeyri-neft təyinatlı nəqliyyat xidmətləri üzrə 2022-ci ilin birinci rübü ərzində 346,4 milyon ABŞ dolları gəlir əldə edilmişdir ki, bu da qeyri-neft xidmətlərin 47%-ini təşkil edir. Prezident İlham Əliyevin uzun illər yükdaşımalar sahəsində həyata keçirdiyi strategiya Azərbaycanın yalnız daxili daşımalar həyata keçirən subyektlər üçün deyil, qeyri-rezidentlər üçün də cəlb edici hala gətirmişdir. Siyasi sabitliyin möhkəm olması ilə bərabər yol infrastrukturunun keyfiyyətinin yüksəldilməsi, daha qısa və əlverişli yolların bərpası ticarət fəaliyyəti ilə məşğul olan xarici ticarət iştirakçıları üçün əlverişli yol infrastrukturu xidmətlər sektoru üzrə əldə edilən uğurun başlıca prinsipidir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Milli Prioritetlər – 2030” sənədinin başlıca istiqaməti olan dayanıqlı iqtisadi artımın təmin edilməsi investisiya, istehsal, ixracat və məşğulluq (İİİM) modeli əsasında həyata keçiriləcəkdir. Sözügedən İİİM modeli Azərbaycanın şaxələndirmə siyasəti əsasında mümkün olması qaçılmaz faktordur. Etiraf etmək lazımdır ki, iqtisadiyyat neft-qaz resurslarından asılıdır. Buna baxmayaraq, son illər istehsalın şaxələndirilməsini sənaye və kənd təsərrüfatında müşahidə etmək mümkündür. Xüsusilə, qeyri-neft istehsal və ixracatında əmtəə strukturunun transformasiyasını statistik göstəricilər vasitəsilə ilə görmək mümkündür. Ötən illərlə müqayisədə ixracatın ilk 10-luğunda meyvə-tərəvəz məhsullarının dominantlığı hökm sürürdüsə, hal-hazırda əmtəə strukturunda sənaye məhsulları yer tutmaqdadır. Sözsüz ki, meyvə-tərəvəz məhsulları ilə müqayisədə, sənaye məhsulları daha yüksək əlavə dəyər qabiliyyətlidir. Lakin, qeyd edilən sənaye məhsulları xammaltutumlu olmaqla, beynəlxalq bazarda əhəmiyyətli rəqabət şəraitinə malikdir. Bu da müqayisəli və rəqabət üstünlüyünə malik, markalaşmış məhsulların istehsal, ixracını daha da aktuallaşdırır və əsas çağırış kimi ölkəmizin qarşısına yeni hədəflər qoyur. Aparılan hesablamalara əsasən, ixrac səbətinə malik məhsulların məhsuldarlığı daha aşağıdır. Bunun əsas səbəbi müvafiq səbətin 70%-ni aralıq məhsulların təşkil etməsidir. İEÖ-nün ixrac səbətinə əsasən, yüksək texnoloji tutuma malik avadanlıqların, elektronika məhsullarının, habelə markalaşan qida məhsullarının daxil olduğunu nəzərə alsaq məhsuldarlıq anlayışını başa düşmək çətin deyil.

Hal-hazırda pandemiya dönəminin yumşalması mərhələsində, dünya ölkələri risk əsaslı deyil, xərc-əsaslı istehsala və ixraca istiqamətlənmişdir. Dəyər zəncirinin pozulması və təchizat zəncirində qırılmalar məhsulların xərcini artıraraq, son dayanacaq nöqtəsinə, oradan topdan və pərakəndə ticarətə istiqamətlənmətlənərək məhsulların qiyməti bahalaşmışdır. Dünya ölkələrində nəzərə çarpan həyat bahalılığına səbəb sahibkarların və ev təsərrüfatlarının gəlirlərini yeyən inflyasiya vergisidir. Bu elə bir vergidir ki, insanların rifahına müsbət yox mənfi təsir göstərir. Belə  bir mərhələdə, dünya ölkələri qlobal dəyər zəncirinin iştirakçılığını daha da dərinləşdirərərk ucuz xammal ehtiyatları idxal etməyə çalışır. Azərbaycanın qeyri-neft ticarətinin qlobal dəyər zəncirində iştirakçılıq payı aşağıdır. Bunun əsas səbəbi məhsulların xammal kimi istehsal edilməsi, üzərində əlavə dəyəri formalaşdıracaq intellektual bacarıqların olmamasıdır. Mal və məhsul ixracatının tərkib hissəsinə baxdıqda istehsal zənciri halqalarının qısa olması və pay elementlərinin kasad olması nəzərə çarpır. Misal üçün pomidor istehsalçısının istehsala sərf ediyi mərhələlərə baxdıqda, ucuz qaz resursları və məhsuldarlığı artıran elementlərin daxil olmasını, habelə, məhsulun keyfiyyətinə, qablaşdırılmasına nəzarət edən əmək qüvvəsini görə bilərik. Məhsulun emal edilməməsi, yalnız Rusiya Federasiyası ilə kifayətləndirilməsi ilə əlaqədar birxətli logistik daşınmaya malik olması, habelə intellektual bilik və ixtiraya ehtiyacı olmaması məhsulun mürəkkəbliyini azaldaraq, daha yüksək əlavə dəyərə səbəb olmur. Bunu digər kənd təsərrüfatı və sənaye məhsullarına da əlavə etmək olar.

2022-ci ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatına yönləndirilən investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% artaraq 1,8 milyard ABŞ dolları təşkil etmişdir. Şübhəsiz qoyulan investisiyaların əhəmiyyətli hissəsi neft-qaz sektoruna yönəldilir. Dünya bazarlarında enerji qiymətlərinin artımı, enerji sektorunun cəlbediciliyinin davam etməsi və Azərbaycan hökümətinin neft-qaz strategiyasına olan etimad sözügedən sektora olan sərmayə qoyuluşunu artırır. Buna baxmayaraq, qeyri-neft sektorunda aparılan islahatlar mövcud sektorda investisiya mühitini daha da canlandırmışdır. 2022-ci ilin birinci rübü ərzində qeyri-neft-qaz sektoru ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9% artaraq 735,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu da Azərbaycan iqtisadiyyatına qoyulan kapitalın 41,1%-ini təşkil edir. Ölkəmizdə qoyulan daxili və xarici investisiyalar bir sıra hallarda idxalın artmasına da xidmət edir. İstehsal yönümlü investisiyalar, müəssisə tikintisi, habelə neft-qaz sektorunda həyata keçirilən icraatların bir çox hissəsi maşın-avadanlıq və malların idxalı hesabına formalaşır. Qeyd edilən müvafiq dövr ərzində  investisiyayönümlü malların idxalı 121 milyon ABŞ dolları təşkil etmişdir ki, bu da ümumi idxalın 4,5% təşkil edir.

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Milli Prioritetlər – 2030” startegiyasına ixracatın diversifikasiyası və daha yüksək əlavə dəyərə malik olması ilə bağlı göstərişləri rəhbər tutaraq deyə bilərik ki, ixracatın sürətli artımı ilk növbədə institutsional islahatlardan birbaşa asılıdır. Sofistikasiya edilən məhsulların mütləq idxal elementlərinə ehtiyacı olacaqdır. Bu halda, idxal edilən xammalların rüsum və əlavə istehsal xərcində paya malik olması, ixracın rəqabət üstünlüyünə mənfi təsir edəcəkdir. Bu halda ticarətin liberallaşdırılması, ticarət və gömrük ittifaqlarına inteqrasiya, preferensial və azad ticarət sazişlərinin genişləndiriməsi sürəti ixracat gəlirləri üçün əhəmiyyətli faktordur. Prezident İlham Əliyevin qarşıya qoyduğu iqtisadi artım daha yüksək əlavə dəyərə malik məhsulların istehsalı və onların diversifikasiyasından asılıdır.

Şriftin ölçüsü

A A A

Saytın rəngi

R R R