Braziliyanın Belem şəhərində keçirilən COP30 tədbiri 2024-cü ildə Bakıda keçirilmiş COP29-un simvolik və məzmun baxımından məntiqi ardıcıllığıdır. COP29 iqlim maliyyəsinin gələcək arxitekturasını müəyyənləşdirən ən həlledici qərarların qəbul olunduğu mərhələ olubsa, COP30 həmin çərçivələrin real tətbiqinə yönəlmiş icra platforması rolunu oynayır. Bu proses “Hər icranın arxasında bir qərar, hər qərarın arxasında isə bir liderlik dayanır” prinsipini bir daha təsdiqləyir.
Bakıda ilk dəfə olaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında maliyyə, məsuliyyət və əməkdaşlıq balansının yenidən qurulması, əslində COP prosesində uzun illərdir mövcud olan boşluğu dolduran dönüş nöqtəsi oldu. Bu, təkcə iqlim maliyyəsinin həcmi ilə bağlı məsələ deyildi — Bakı modeli ölkələr arasında öhdəliklərin necə paylaşılacağı, maliyyə axınlarının hansı prinsiplərlə yönləndiriləcəyi və qlobal iqlim fəaliyyətində kimin hansı məsuliyyəti daşıyacağına dair yeni və daha ədalətli mexanizm formalaşdırdı. COP29 çərçivəsində qlobal həmrəylik görünməmiş səviyyədə gücləndi: 130-dan çox ölkə COP29 naminə Birgə Atəşkəs Çağırışını, 90-dan çox hökumət və 1,000-dən çox təşkilat isə COP29 Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsini imzaladı. Konfransın ən mühüm nəticələrindən biri inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim maliyyəsinin illik ən azı 1.3 trilyon dollara çatdırılması hədəfinin müəyyən edilməsidir. Bununla yanaşı, iqlim maliyyəsi tarixində ilk dəfə olaraq konkret rəqəm üzərində razılıq əldə olundu və Yeni Kollektiv Kəmiyyət Hədəfi əvvəlki öhdəliklərlə müqayisədə üç dəfə artırılaraq yeni qlobal standart kimi təsbit edildi. Belemdə ortaya qoyulan bütün yeni layihələr, adaptasiya təşəbbüsləri, şəhər siyasətləri və regional proqramlar məhz Bakıda müəyyənləşdirilmiş bu balansın üzərində qurulur. Yəni COP30-un fəaliyyət mərhələsi, mahiyyətcə, COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir. Məhz buna görə “Bakıdan Belemə gedən yol” sadəcə iki COP konfransı arasındakı keçid deyil, qlobal iqlim prosesinin özündə qərardan icraya keçidi simvolizə edir. Belemdə artıq icra mərhələsi başlayıb, yəni ölkələr konkret layihələr, şəhər siyasətləri, adaptasiya proqramları və texnoloji həllər üzərində işləyirlər. Bakı isə o qərarların verildiyi yer idi, yəni Belemin işə başlaya bilməsi üçün lazım olan qlobal razılaşmalar, maliyyə çərçivəsi və siyasi konturlar COP29-da formalaşdırıldı. Bu baxımdan COP29-un çəkisi və əhəmiyyəti daha yüksək qiymətləndirilir: Bakı qlobal iqlim prosesində qaydaları müəyyənləşdirdi, Belem isə həmin qaydaların tətbiq olunduğu mərhələni həyata keçirir.
Belemdə keçirilən COP30 konfransı iqlim prosesinin “icra mərhələsi”nə keçdiyini göstərərək əsas diqqəti adaptasiya, şəhərsalma, su təhlükəsizliyi və tullantıların idarə olunması kimi praktiki sahələrə yönəldib. Açılışda təqdim olunan PAS – Çoxtərəfli İdarəetmənin Sürətləndirilməsi Planı və CHAMP – Yüksək Ambisiyalı Tərəfdaşlıq Koalisiyası ölkələrin milli iqlim planlarında yerli idarəetmənin rolunu gücləndirməyi hədəfləyərək konfransın əsas istiqamətini müəyyənləşdirdi. Bunun ardınca “Beat the Heat” təşəbbüsü 185 şəhərdə ekstremal istiliklərlə mübarizəyə yeni mərhələ açdı, su təhlükəsizliyi üzrə 20 milyard dollarlıq regional investisiya proqramı elan olundu və “Near-Zero and Resilient Buildings” ilə “NOW” kimi qlobal standartlar tətbiq mərhələsinə daxil edildi. Ümumilikdə 400-dən çox təşəbbüsün təqdim olunması COP30-un mahiyyətinin məhz real layihələr, yerli səviyyədə adaptasiya və konkret icra mexanizmlərinə yönəldiyini təsdiqlədi.







Çox oxunan xəbərlər
Ramil Hüseyn: İqtisadi rayonların yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun inkişafını sürətləndirəcək
Azərbaycan elektron hökumətin inkişafı üzrə “Çox Yüksək EGDI” kateqoriyasına yüksəlib
Vüsal Qasımlı "Türk Dövlətləri InsurTech Sammiti 2025" tədbirində açılış nitqi ilə…
“İnnovasiya” İşçi qrupu 2023-cü ilin yekun hesabatını müzakirə edib
Azərbaycan-Qazaxıstan: 20 illik strateji tərəfdaşlıq
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən “Azərbaycanda İqtisadi İslahatların…
“Azexport” portalı Asiya regionunda 15 ən yaxşı nümunədən biri seçilib
“Azexport” portalı nar, xurma və sitrus məhsullarını Belarusa ixrac edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Maliyyə meneceri vəzifəsinə vakansiya…
“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilib