Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü: İqtisadi və enerji əməkdaşlığının gücləndirilməsi
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü təşkilatın tarixində müşahidəçi dövlətdə keçirilən ilk sammit olaraq tarixə düşdü. Bu görüş həm də Macarıstanın Türk dövlətləri ilə iqtisadi və siyasi əlaqələrinin möhkəmləndirilməsindəki rolunu vurğuladı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, sammitə qatılan TDT üzvü və müşahidəçi ölkələrin dövlət başçıları iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. Azərbaycan bu sammitdə regional iqtisadi siyasətin formalaşdırılmasında liderliyini, ticarət, enerji və innovasiya sahələrində əhəmiyyətli mövqeyini bir daha nümayiş etdirib.
Vüsalə Cəfərova qeyd edib ki, Azərbaycanın TDT üzv dövlətlərinə yatırdığı investisiyaların həcmi 20 milyard ABŞ dollarını keçib ki, bu da ölkənin təşkilat içində artan təsirini göstərir. Azərbaycan Mərkəzi Asiya, Türkiyə və Avropa arasında strateji keçid nöqtəsi olaraq ticarət axınlarını və regional inteqrasiyanı asanlaşdırmaqda mühüm rol oynayır. 2024-cü ildə Azərbaycanın dəmir yolu tranzit tutumu 11 milyon tona çatıb, Bakı-Tbilisi-Qars dəmir yolu isə 5 milyon ton həcmə malik olub. Bu irəliləyiş Azərbaycanın Xəzər dənizindəki 50 ticarət gəmisi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və 8 beynəlxalq hava limanı kimi əsas infrastruktur layihələri ilə dəstəklənir, bu da ölkənin vacib logistika mərkəzi rolunu gücləndirir. Azərbaycanın "Rəqəmsal Nəqliyyat Dəhlizi" adlanan, gömrük, fitosanitar və sərhəd nəzarətini asanlaşdıran vahid rəqəmsal platformanın inkişafında da mühüm rolu var ki, bu da dəhliz boyunca tranzit vaxtlarını və xərclərini azaldır.
Enerji sahəsində əməkdaşlıq sammitin digər əsas mövzusu olub. Türk dünyasının təbii qazdan bərpa olunan enerji mənbələrinə qədər zəngin enerji resursları regional əməkdaşlıq üçün böyük potensiala malikdir. Azərbaycan boru kəmərləri və enerji ötürmə xətləri inşa etməklə yanaşı, eyni zamanda günəş və külək enerjisi layihələrinə investisiya qoyur. Bu sahələr üzrə fəaliyyət TDT üzv dövlətlərinin qlobal enerji bazarındakı dalğalanmalara qarşı dayanıqlılığını artırmağı hədəfləyir.
Sammitdən əvvəl Prezident İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olub. Son illərdə iki ölkə arasında siyasi, iqtisadi və regional təhlükəsizlik məsələlərində güclü strateji tərəfdaşlıq inkişaf edib. 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” və 2023-cü ildə imzalanmış “Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə” ikitərəfli əlaqələri daha da dərinləşdirib. İki ölkə arasında ticarət sürətlə artıb və 2025-ci ilin ilk üç ayında ticarət dövriyyəsi 14,55 milyon ABŞ dollarına çatıb. Macarıstandan Azərbaycanın iqtisadiyyatına birbaşa investisiyalar isə 1 milyard ABŞ dollarını keçib.
Macarıstanın “MOL Group” şirkətinin "Azəri-Çıraq-Günəşli" yatağında payı və Bakı-Tbilisi-Ceyhan boru kəmərindəki iştirakı, SOCAR və MVM arasında imzalanan qaz müqavilələri Azərbaycan-Macarıstan enerji əməkdaşlığını gücləndirir. Macarıstan xüsusilə Cənub Qaz Dəhlizi layihəsindəki fəal iştirakı ilə Azərbaycanın yaşıl enerji strategiyasına dəstək verir. Qara dənizin dibindən çəkiləcək yeni sualtı kabel layihəsində isə Xəzər və Cənubi Qafqazda istehsal olunan bərpa olunan enerjini Avropaya nəql etmək üçün fəal rol oynayır.
Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməsi ikitərəfli əməkdaşlığın güclənməsinə əlavə təkan verir. Macarıstanın TDT-nin müşahidəçi dövləti olaraq Türk İnvestisiya Fonduna 100 milyon dollarlıq töhfəsi regionun iqtisadi inkişafına verdiyi dəstəyi bir daha nümayiş etdirir. Macarıstanın “MOL Group” şirkətinin Qazaxıstanın “Rozhkovski” qaz yatağında pay alması kimi enerji sahəsində əməkdaşlıqları iki region arasındakı əlaqələrin dərinləşməsini nümayiş etdirir.
TDAM rəhbəri əlavə edib ki, Budapeşt zirvəsi 2024-cü ildə Azərbaycanda keçirilmiş Qarabağ Sammitindən sonra ikinci qeyri-rəsmi TDT sammitidir. Qarabağ Bəyannaməsi həmin sammitdə qəbul edilib və Budapeştdə müzakirə edilən bir çox təşəbbüsün əsasını qoyub, Azərbaycanın TDT-nin iqtisadi gündəliyinin təkmilləşməsindəki liderliyini davam etdirib. Budapeştdə keçirilən Zirvə görüşü TDT daxilində iqtisadi əməkdaşlığın dərinləşdirilməsində mühüm bir addımdır. Budapeşt Bəyannaməsi Türk Dövlətləri Təşkilatının perspektivlərini və strateji fəaliyyət istiqamətlərini bir daha vurğulayıb.




Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Tədqiqat və inkişaf (R&D) ilə innovasiya: bilikdən dəyərə, dəyərdən kapitala
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Ticarət və süni intellektin inteqrasiyası bizneslərə yeni perspektivlər açır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Dünya İnvestisiya Hesabatı 2025: Azərbaycan etibarlı və strateji investisiya mərkəzidir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Süni intellektin təhsildə yaratdığı inqilab
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Dünyada və Azərbaycanda vençur kapitalının vəziyyəti